Rusiyada Vladimir Putinin həm daxili, həm də xarici siyasətindən narazılığın artdığını artıq Kremlə yaxın sorğu mərkəzləri də etiraf etməyə başlayıblar. 

“AzPolitika” xəbər verir ki, Rusiya İctimai Rəy Araşdırmaları Mərkəzinin (VTsIOM) rəsmi sorğu mərkəzi yeni araşdırmasının nəticələrini açıqlayıb.

Araşdırma barədə yayılan məlumatda deyilir ki, müharibənin sona çatması ilə bağlı gerçəkləşməmiş ümidlər, internet blokadaları və iqtisadi vəziyyətin pisləşməsi Rusiya cəmiyyətində hökumətin siyasətindən narazılığı son səkkiz ildə ən yüksəsk səviyyəyə çıxarıb.

Sorğunun nəticələrinə görə, ölkənin daxili siyasətindən "ümumilikdə narazı" olan vətəndaşların payı aprelin sonunda 36%-ə çatıb ki, bu da 2021-ci ilin dekabrından bəri ən yüksək göstəricidir. Dörd ay ərzində narazı olanların payı 14 faiz bəndi artıb. Bu da Kremlin pensiya islahatına başladığı 2018-ci ildən bəri müqayisə edilə bilən dövr üçün rekord artımdır (o zaman bu rəqəm dörd ay ərzində 21%-dən 38%-ə yüksəlib).

Müharibənin başlanğıcından bəri ilk dəfə olaraq daxili siyasətdən "ümumilikdə narazı" olan vətəndaşların sayı(36 faiz) ondan "ümumilikdə məmnun" olanların sayından (33 faiz) çox olub.

VTsIOM-un məlumatlarına görə, ictimai narazılığın səviyyəsi kəskin şəkildə artıb və bu, ölkənin apardığı xarici siyasətə də aiddir. Rusiyanın xarici siyasətindən narazı olanların payı dekabr ayındakı 16%-dən hazırda 26%-ə yüksəlib ki, bu da 2007-ci ildən bəri rekord həddir.

İqtisadi siyasətdən narazı olanların payı dekabr ayında 31% idisə, hazırda 46%-ə çatıb. İqtisadi narazılıqda artım dörd ayda 15 faiz bəndi olmaqla, 2018-ci ildən bu yana rekord göstəricidir.

Sosioloq Oleq Juravlyov mediaya açıqlamasında deyib ki, Rusiya cəmiyyətində müharibə yorğunluğu var və bu, gələcəyin qeyri-müəyyənliyi ilə daha da artır. Təxminən bir il əvvəl bir çox rusiyalı Trampın Ukraynadakı müharibəyə son qoymaq vədini yerinə yetirəcəyinə ümid edirdi: "Lakin bu baş vermədi və iqtisadi gələcək qeyri-müəyyəndir, yeni vergilər tətbiq edilib, inflyasiya yüksəkdir".

Sosioloq mövcud vəziyyəti Rusiyanın Krımı ilhaq etdiyi 2014-cü ilin yazı ilə müqayisə edib: "O vaxt Krım sakinlərinin əksəriyyəti də daxil olmaqla, hamı xoşbəxt idi. Lakin indi müharibə tərəfdarı hesab edilənlər belə sevinc hiss etmirlər.

“AzPolitika.info”