Rusiya ordusu nüvə qüvvələrinin hazırlanması və istifadəsi üçün üç günlük təlimlərə başlayır. 

“AzPolitika” xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, 19-21 may tarixlərində keçiriləcək təlimlərə Rusiya üzrə sınaq poliqonlarında ballistik və qanadlı raketlərin atılması daxildir.

Rəsmi məlumatda qeyd olunur ki, təlimlərdə 64 mindən çox əsgər, təxminən 8000 ədəd texnika və 200-dən çox raket buraxılış qurğusu iştirak edəcək. Təlimlərə Strateji Raket Qüvvələri, Sakit Okean Donanması və Şimal Donanması cəlb olunub.

Müdafiə Nazirliyi təlimlərin məqsədinin düşməni çəkindirmək və qoşunların hazırlığını yoxlamaq olduğunu bildirib. Bu zaman Belarusda yerləşdirilən nüvə silahlarının birgə istifadəsinin də təlim proqramına daxil edildiyi deyilir.

Məlum olduğu kimi, Ukrayna cəbhəsində irəliləyiş əldə edə bilməyən, əvəzində öz ərazisndə Ukrayna PUA-ları və raketlərinin mütəmadi hücumlarıyla üz-üzə qalan Rusiya öz təbliğatçıları və rəsmi şəxsləri səviyyəsində dəfələrlə Ukraynanı və Qərbi nüvə silahı ilə təhdid edib. Son zamanlar işğal ordusunun vəziyyətinin və daxili sosial-iqtisadi durumun gərginləşməsi fonunda bu təhdidlər daha da artıb. Bu cür nüvə təlimlərinin keçirilməsi də həmin təhdidlərin tərkib hisəsi sayıla bilər.

“AzPolitika.info”