Rusiya Müdafiə Nazirliyi Ukrayna cəbhəsində uydurma uğurlar barədə məlumat verməyə davam edir. Ukraynadakı müharibənin tərəfdarı olan Rusiyanın “Z-patriotları” belə nazirliyin saxta məlumatlarından beziblər.

“AzPolitika” xəbər verir ki, bu günlərdə Rusiya Müdafiə Nazirliyinin Xarkov vilayətindəki Borovaya kəndinin ələ keçirilməsi barədə yaydığı məlumatın saxta olduğu üzə çıxıb.

Abunəçi sayına görə Rusiyada ən böyük “Z-kanal” olan "Rıbar" yazıb ki, Rusiya Müdafiə Nazirliyi bu məlumatı yayanda, artıq Ukrayna qüvvələri rus qoşunlarını həmin kənddən çıxarmışdılar. Kanalın məlumatına görə, aprelin sonlarında Rusiya bölmələri bir sıra hücumlar həyata keçirib və Borovayada bəzi evləri ələ keçirib. Lakin may ayının əvvəlində bu qüvvələrin təchizat xətləri Ukrayna tərəfindən kəsilib və onlar geri çəkiliblər.

Lakin buna baxmayaraq, Borovayanın guya ələ keçirilməsini təsdiqləyən videolar yayılmağa başlayıb. Kanalın məlumatına görə, bu videolar həmin kənddən 25 kilometr aralıda, uzun müddətdir Rusiya nəzarəti altında olan başqa bir kənddə - Kolomiçixa kəndində çəkilib: "Maraqlıdır ki, bu, Kolomiçixa vasitəsilə yalan xəbərlərin yayıldığı ilk hal deyil: daha əvvəl çox uğursuz hücumdan sonra Novoplatonovkanın “ələ keçirildiyini” də bu kənddə lentə alıblar". “Rıbar” qeyd edir ki, bu kənddən rus ordusunun saxta uğurlarını çəkmək üçün dekarasiya kimi istifadə olunur.

Eynilə, kanalın məlumatına görə, arxa cəbhədəki Tavoljanka adlı kiçik şəhərdən çəkilən görüntülər Kupyansk adı altında yayımlanıb.

Bu arada, Borovayanın ələ keçirilməsi ilə bağlı yalan məlumata baxmayaraq, Rusiya Müdafiə naziri Andrey Belousov bu “uğur” münasibətilə 423-cü Qvardiya Motoatıcı Alayının əsgərlərini təbrik edib. O, komandanlığa və əsgərlərə "tapşırıqlarını və xidmətlərini yerinə yetirdiklərinə" görə təşəkkür edib.

Daha əvvəl Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov da Borovayanın ələ keçirildiyini elan etmişdi. Keçən ilin noyabr ayında Gerasimov həmçinin, Rusiya ordusunun hələ də nəzarət etmədiyi Kupyanskın guya "azad edildiyini" də elan etmişdi. Eləcədə o, guya Krasnıy Liman şəhərinin 85%-nin Rusiyanın nəzarəti altında olduğunu iddia etmişdi. Lakin Rusiya “Z-kanalları” döyüşlərin yalnız şəhərin uzaq kənar hissələrində getdiyini və heç bir əhəmiyyətli irəliləyiş olmadığını bildirir.

Əslində isə Rusiya ordusunun Ukraynadakı irəliləyişi minimuma enib. “DeepState” monitorinq kanalının məlumatlarına görə, Rusiya qoşunları may ayında Ukrayna ərazisinin cəmi 29 kvadrat kilometrini ələ keçiriblər. Bu yavaşlama Ukrayna Silahlı Qüvvələrinin Rusiya logistikasına hücumlarının artması ilə əlaqədardır. İndi Ukrayna ərazisinin 1 kvadrat kilometrini ələ keçirmək üçün Rusiya qoşunları orta hesabla 36 hücum həyata keçirməlidir.

“AzPolitika.info”