Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlarda Türkiyə mühüm asanlaşdırıcı rol oynayıb.

"AzPolitika" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.

 O, Türkiyənin regional sabitlik naminə göstərdiyi səylərə görə təşəkkür edib.

Bəqayi qeyd edib ki, ABŞ ilə aparılan dolayı təmasların arxa planında xüsusilə qonşu Türkiyə konstruktiv və balanslaşdırıcı diplomatik xətt yürüdüb: “Türkiyə qonşu ölkə kimi çox dəyərli səylər göstərdi və Türkiyədəki qardaşlarımıza bütün təşəkkür və minnətdarlığımızı bildiririk”.

İsmayıl Bəqayi ABŞ və İsrail tərəfdən səsləndirilən “İran nüvə proqramından imtina edəcək” iddialarına da münasibət bildirib. O qeyd edib ki, hazırkı mərhələdə əsas məqsəd müharibənin dayandırılmasıdır və əgər razılaşma əldə olunarsa, daha sonra 60 günlük müddət ərzində nüvə məsələləri üzrə ayrıca danışıqlar aparıla bilər.

İran rəsmisi həmçinin vurğulayıb ki, ABŞ-nin tətbiq etdiyi dəniz blokadasının dayandırılması ilkin şərtlərdən biridir. Onun sözlərinə görə, təhdid və təzyiq siyasəti qarşı tərəfin yanaşmasının bir hissəsidir.

"AzPolitika.info"