Ermənistan Xarici İşlər Nazirliyi mayın 26-da ABŞ Dövlət katibi Marko Rubio Ermənistana rəsmi səfər edəcəyi barədə məlumat yayıb.

"AzPolitika" xəbər verir ki, nazirliyin rəsmi açıqlamasına görə, səfər çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Marko Rubio arasında təkbətək və geniş tərkibli görüş keçiriləcək. Görüşün yekununda tərəflərin mətbuat üçün bəyanatlarla çıxış edəcəyi gözlənilir.

Səfərin ən diqqətçəkən məqamı tərəflər arasında bir sıra ikitərəfli rəsmi sənədlərin imzalanmasının planlaşdırılmasıdır. Bu sənədlərin Vaşinqtonun Cənubi Qafqazda, xüsusilə Ermənistanda mövqelərini möhkəmləndirməyə yönəldiyi şəksizdir.

ABŞ Dövlət katibinin səfəri ərəfəsində Ermənistan Baş naziri Nikol Paşinyanın verdiyi bəyanat isə səfərin pərdəarxası məqsədlərindən xəbər verir. 

Paşinyan yaxın vaxtlarda ABŞ ilə birlikdə irimiqyaslı layihənin startı barədə danışıb:"Yaxın gələcəkdə biz Amerika Birləşmiş Ştatları ilə TRIPP layihəsinin icrasına dair yekun müqavilə imzalayacağıq və bu layihəni reallaşdıracağıq. Bunun nəticəsində Ermənistan Respublikası artıq nəzəri olaraq deyil, sözün əsl mənasında 'Sülhün kəsişməsi'nə çevriləcək".

Paşinyan artıq yaxın günlərdə sözügedən layihə çərçivəsində tikinti işlərinə başlanılacağını da vurğulayıb.

Rasim Əliyev

"AzPolitika.info"