Gəncə Şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasovun məhkəməsi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, hakim Elçin Məmmədovun sədrlik etdiyi proses Gündüz Abbasovun ifadəsi davam etdirilib.

Hakim G.Abbasova valideynlərin K.Əsədov tərəfindən göndərilib-göndərilmədiyini, həmçinin avadanlıqların onun ofisindən hansı səbəblə götürülməsini soruşub.

G.Abbsov hakimin sualına aydın cavab verə bilməyib.

Ardınca təqsirləndirilən şəxsə imtahanda tapşırıqların Şəmkir rayonundan xüsusi qurğu ilə cavablandırılması haqda suallar verilib.

G.Abbasov orada bir neçə müəllimin olmadığını deyib.

Hakim ibtidai istintaq dövründə onun və imtahan zamanı Şəmkir rayonundan sualları cavablandıran müəllimlərin ifadələrinin ziddiyyət təşkil etdiyini deyib.

Hakimin “müəllimlərə nə vəd etmişdiniz” sualına G. Abbasov yenə də tam cavab verə bilməyib.

Həmin müəllimlər arasında onun yaxın qohumu, həmçinin, Gəncənin məktəblərində çalışan bir sıra müəllimlərin yer aldığı məlum olub.

Daha sonra K.Əsədov hakimə ifadə verib.

Deyib ki, valideynlərin əksəriyyəti özləri ondan kömək istəyib.

O isə müəyyən məbləğ qarşılığında onları “kömək” etmək üçün G.Abbasova istiqamətləndirib.

Amma pulun ona çatmadığını, G.Abbasova ödəniləcəyini bildirib.

O ifadəsində bildirib ki, hətta avadanlıqların verilməsini də ilk dəfə valideynlərdən öyrənib.

Bütün bunların qarşılığında isə alınan pulları geri qaytardığını vurğulayıb. Pullar qaytarılan zaman özünün ofisdə olmadığını bildirib.

Qeyd edək ki, növbəti məhkəmə iyunun 11-i, saat 15:00-da keçiriləcək

***

Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitələrin keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Kamran Əsədov və Gündüz Abbasov ifadə verib.

Ətraflı Dövlət ittihamçısı, hakim və DİM nümayəndələri onların ifadələri arasında ziddiyyətlər olduğunu deyiblər.

Həmçinin DİN nümayəndələri iclasda əlavə şahidlərin dindirilməsi ilə bağlı vəsatət veriblər.

Dövlət ittihamçısı vəsatətə etiraz etməyib.

Proses iyunun 11-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.

İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Abbasov Gündüz Yaşar oğlunun təşkil etdiyi hazırlıq kursunun abituriyent və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə Əsədov Kamran Alim oğlu ilə cinayət əlaqəsinə girməklə 3 nəfər və şəxsən 8 nəfər olmaqla, ümumilikdə 11 nəfərin üzərinə həmin texniki vasitələri quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Sumqayıt şəhəri ərazisində Hüseynov Sənan Rasim oğlunun xüsusi icazə almadan müvafiq normativ-hüquqi aktların tələblərinə zidd olaraq, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən 31 ədəd texniki vasitənin satışını həyata keçirməsinə əsaslı şübhələr müəyyən olunub.

Toplanmış sübutlara əsasən, Gündüz Abbasova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Kamran Əsədova həmin Məcəllənin 302.3 və 32.5, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə köməkçilik), Sənan Hüseynova isə həmin Məcəllənin 302.3-cü maddələri ilə ittiham elan edilib, Gündüz Abbasov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, digər şəxslərin barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.

Cinayət işləri üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.

Qeyd edilib ki, Kamran Əsədov əvvəllər də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə cinayət məsuliyyətinə olunaraq məhkəməyə verilib və məhkəmənin 18.02.2015-ci il tarixli hökmü ilə cərimə (əlavə) və qazancının 15%-i dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri (əsas) cəzasına məhkum edilib.

Xatırladaq ki, Kamran Əsədov yanvarın 23 də keçirilən məhkəmə prosesinin gedişində həbs olunub.