İran ilə ABŞ arasında mesaj mübadiləsi davam edir, lakin yekun razılıq əldə olunmayıb.
"Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai deyib.
"Amerikalıların dəniz blokadası qanunsuz bir addım idi; bu, həm atəşkəsin pozulması, həm də beynəlxalq gəmiçilik azadlığına maneədir", - Bəqai bildirib və əlavə edib ki, ABŞ İranla məcburiyyət siyasəti apara bilməz.
Onun sözlərinə görə, 47 ildir ki (İran İslam Respublikası yaranandan – red.), heç bir dövlət İrana təzyiq göstərərək istəyinə nailk ola bilmir:
"Biz "gərək-məcburdur" dilinə 47 il əvvəl vida etdik. Qərb ölkələrinin heç biri İran haqqında danışarkən "gərək" dilindən istifadə edə bilməz. Biz öz qərarlarımızı İran millətinin maraqları və hüquqları əsasında veririk. Bu, birinci məqam".
İran XİN-in sözçüsü ikinci məqam kimi, Hörmüz boğazının İran və Omanın ərazi sularının hüdudlarında yerləşdiyinə eyham vurub. "Şübhəsiz ki, İran və Oman elə mexanizmlər qəbul etməlidir ki, həm sahilyanı ölkələr olaraq özlərinin milli maraqları və təhlükəsizliyi qorunsun, həm də beynəlxalq birliyə bu marşrut üzrə gəmiçiliyin təhlükəsiz şəkildə həyata keçirildiyinə dair əminlik verilsin. Bu, aydın və təbii bir məsələdir."

Şərhlər