İran rəhbərliyi İsrailin Livana hücumlarını davam etdirəcəyi təqdirdə, ABŞ ilə birbaşa və vasitəli danışıqları tamamilə donduracağını bəyan edib. Bu barədə İran İslami Şura Məclisinin (parlament) sədri Məhəmməd Baqir Qalibaf livanlı həmkarı Nəbih Berri ilə telefon danışığı zamanı xəbərdarlıq edib.
“AzPolitika” xəbər verir ki, parlament sədri bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.
M.B.Qalibaf livanlı həmkarı ilə söhbətin detalına toxunaraq yazıb: “Mən livanlı qardaşım cənab Nəbih Berri ilə söhbətimdə vurğuladım ki, əgər sionist rejimin Livandakı cinayətləri davam edərsə, biz nəinki dialoq prosesini dayandıracağıq, həm də onların qarşısında qətiyyətlə dayanacağıq. Yaşasın müqavimət! Yaşasın Vətən müdafiəsi! Yaşasın İran və Livan xalqlarının qardaşlığı!”
İranın yarım-rəsmi "Tasnim" agentliyinin yaydığı məlumata görə, İsrailin Livana hücumları fonunda Tehranın danışıqlar qrupu artıq ABŞ ilə vasitəçilər vasitəsilə həyata keçirilən mesaj mübadiləsini dayandırmaq qərarına gəlib. Agentlik qeyd edir ki, Qəzza və Livanda hərbi əməliyyatlar dayandırılmayana qədər Vaşinqtonla heç bir danışıqlar aparılmayacaq.
Mənbələrin iddiasına görə, rəsmi Tehran və regiondakı "Müqavimət cəbhəsi" qüvvələri daha kəskin addımlara hazırlaşır. Bildirilir ki, İsrailin hücumları dayanmayacağı təqdirdə, Hörmüz boğazının tamamilə mühasirəyə alınması və Aden körfəzi ilə Qırmızı dənizi birləşdirən digər mühüm su yolu – Bab əl-Məndəb boğazında hərbi aktivliyin artırılması planlaşdırılır. Lakin rəsmi Tehran hələlik strateji boğazların bağlanacağı ilə bağlı iddiaları rəsmən təsdiqləməyib.
Tehrandan gələn bu sərt bəyanatlara baxmayaraq, ABŞ Prezidenti Donald Tramp fərqli mövqedədir. Tramp özünün "Truth Social" platformasındakı hesabında yaydığı açıqlamada, İranla danışıqların hələ də davam etdiyini iddia edib.
Rasim
"AzPolitika.info"

Şərhlər