Ötən gün bir sıra xarici KİV-lərdə İran Prezidenti Məsud Pezeşkianın istefa verəcəyi ilə bağlı xəbərlər yayılıb.

"AzPolitika" xəbər verir ki, İranın tanınmış "Khabar Online" nəşri yayılan xəbərlərin əsassız olduğunu bildirib və bunu psixoloji müharibənin tərkib hissəsi kimi dəyərləndirib.

Nəşr yazır ki, bəzi xarici media orqanları Pezeşkianın SEPAH ilə fikir ayrılığı səbəbindən istefa verəcəyi barədə iddialar yayıb. Məqalədə isə vurğulanır ki, Pezeşkian prezident seçildiyi vaxtdan müxtəlif dövlət qurumları və SEPAH ilə əməkdaşlıq və dialoq xətti yürüdüb, buna görə də belə bir qarşıdurma iddiası reallığı əks etdirmir.

Nəşr hesab edir ki, bu cür xəbərlərin məqsədi dövlət qurumları arasında parçalanma görüntüsü yaratmaq, ictimai düşüncəni çaşdırmaq və ölkədə milli birliyi zəiflətməkdir.

Nəşr, habelə, qeyd edir ki, son gərginliklər dövründə hökumət və SEPAH-ın koordinasiyası ölkənin sabitliyinin qorunmasında mühüm rol oynayıb və bu əməkdaşlığın davam etdirilməsi vacibdir.

"AzPolitika.info"