Bu payız Rusiyada yeni səfərbərlik elan ediləcəyi gözlənilir. 

“AzPolitika” xəbər verir ki, bunu Rusiya mediası Dövlət Dumasının deputatı, Müdafiə və Təhlükəsizlik Komitəsinin keçmiş üzvü, general Andrey Qurulyova istinadla yazıb.

"İndi yüksək kabinetlərdə və dəhlizlərdə yeni genişmiqyaslı səfərbərliyə ehtiyac barədə aktiv söhbətlər gedir. Üstəlik, məlumatlı adamlar bu məsələ ilə bağlı qərarın artıq verildiyini və bu payız səfərbərlik olacağını deyirlər", - Qurulyov sosial mediada yazıb.

Lakin onun sözlərinə görə, bu qərar Ukrayna Silahlı Qüvvələrinin dronlarının yaratdığı ciddi problemlər həll olunmadıqca, mənasız olacaq və ordu irəliləyiş əldə etməyəcək: "Sadəcə olaraq, itkilərin qat-qat artmasını görəcəyik". Bir sözlə, general yeni səfərbərliyin əleyhinə çıxıb.

O, həmçinin Krımdakı vəziyyətə diqqət çəkib və Rusiyanın əsas hissəsini yarımada ilə bağlayan magistral yolun Ukrayna dronlarının zərbələri nəticəsində faktiki bağlanmasından şikayətlənib. General buna yol verən hərbi rəhbərliyin cəzalandırılmalı olduğunu deyib.

Qeyd edək ki, bundan öncə Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (IISS) və Amerika Müharibə Tədqiqatları İnstitutu (ISW) da Kremlin cəmiyyəti yeni "qismən səfərbərliyə" hazırladığını yazıb. Onlar hesab edirlər ki, ötən ilin sonlarında qəbul edilmiş yeni qanunlar, internet və mesajlaşma tətbiqlərinin bloklanması, internet senzurasının gücləndirilməsi Kremlin səfərbərliyə hazırlaşmasının göstəricisidir.

“AzPolitika.info”