Uzun illərdir Nikol Paşinyan hakimiyyətinə qarşı düşmən mövqeyi tutan Erməni Apostol Kilsəsi qarşıdan gələn parlament seçkisi ərəfəsində siyasətə qarışmadığını bəyan edib.
“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, jurnalistlərin qarşısına çıxan Bütün Ermənilərin Katolikosu II Qaregin “kilsə siyasətlə məşğul olmur” deyib.
"Kilsə bütün millətin mənəvi strukturudur və onun hər hansı bir partiyanın proseslərinə müdaxiləsi bütün Ermənilərin Kilsəsi olmağı dayandırmaq demək olardı” – Qaregin deyib.
Qeyd edək ki, Paşinyan hökuməti II Qaregini məhz siyasətə qarışdığı üçün tənqid atəşinə tutub, hətta təqib edib. İki il əvvəl Ermənistanda Baqrat Qalstanyan adlı keşişin başlatdığı kütləvi siyasi etirazların da arxasında məhz II Qareginin və Koçaryan-Sarqsyan cütlüyünün durduğu heç kimə sirr deyildi. Faktiki olaraq, bu qüvvələr dindən, kilsədən istifadə edərək, aranı qarışdırmağa və Paşinyan hökumətini devirməyə çalışırdı. Lakin bu ssenari baş tutmadı. Ardınca, keşiş Baqratın və digər “din xadimləri”nin həbsi, eləcə də hökumətin və hüquq-mühafizə orqanlarının kilsə ilə bağlı apardığı digər “profilaktik tədbirər” öz sözünü dedi.
Görünür, həmin tədbirlər bu gün “siyasətə qarışmıram” deyən II Qaregini də “ağıllandırıb”.
“AzPolitika.info”

Şərhlər