Rusiya Cənubi Qafqazda ABŞ-nin mövcudluğunun güclənməsinə mənfi yanaşır.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət katibi Marko Rubio Kapitolidə keçirilən dinləmələrdə bildirib.
"Mən həmçinin qeyd etmək istərdim ki - və mənə elə gəlir ki, bu, açıq mənbələrdən kifayət qədər yaxşı məlumdur - ruslar region ölkələri ilə qarşılıqlı əlaqələrimizin fəallaşmasından heç də məmnun deyillər", - o qeyd edib.
Rubionun sözlərinə görə, Moskva Vaşinqton və İrəvanın artan əməkdaşlığı fonunda Ermənistandakı hazırkı hakimiyyətin seçkilərdə uduzmasını üstün tutardı.
O vurğulayıb ki, ABŞ Ermənistanın suverenliyinə qəsd etmək niyyətində deyil və onun xarici siyasət qərarlarına qarışmır.
"Aydın olsun deyə: biz Ermənistanın suverenliyinə qəsd etmək fikrində deyilik. Onlardan digər ölkələrlə dostluq etməmələrini xahiş etmirik. Biz sadəcə onlarla təkcə sülhə əsaslanmayan münasibətlərə malik olmaq istəyirik. Sülh vacibdir, lakin bu, yalnız başlanğıcdır", - Rubio deyib.

Şərhlər