Rusiyanın işğal altında saxladığı Donetsk vilayətinin Yenakiyevo şəhərində "Moskva-Simferopol" marşrutu üzrə hərəkət edən sərnişin avtobusuna endirilən zərbə tərəflər arasında gərginliyi daha da artırıb. Rusiya Xarici İşlər Nazirliyi (XİN) hadisə ilə bağlı rəsmi bəyanat yayıb.

"AzPolitika" xəbər verir ki, qondarma qurumun rəhbəri Denis Puşilin zərbə nəticəsində 8 nəfərin həlak olduğunu, 11 nəfərin isə yaralandığını bildirib.

Rusiya Teleqram kanalları yanan avtobusun fotolarını və iddiaya görə, pilotsuz uçuş aparatının (PUA) zərbə anını əks etdirən videogörüntüləri paylaşıb.

Rusiya XİN-in bəyanatında qeyd olunur ki, "Kiyev rejimi növbəti məkrli və qanlı cinayətə əl atıb". Rəsmi Moskva baş verənləri "terror aktı" adlandırıb və faktla bağlı müvafiq maddə ilə cinayət işi açılıb.

Xatırladaq ki, Rusiya rəsmiləri bundan əvvəl Starobelskdəki kollecə endirilən və 21 nəfərin ölümü ilə nəticələnən zərbəyə görə də Ukraynanı aktiv şəkildə "terrorizmdə" ittiham etmişdilər. Ukrayna hərbçiləri isə Yenakiyevodakı hadisə ilə bağlı hələlik heç bir şərh verməyiblər.

"Vot Tak" nəşrinin məlumatına görə, "Moskva-Simferopol" sərnişin avtobusunun marşrutu Rusiyanın nəzarətində olan Ukrayna ərazilərindən, o cümlədən Donetsk və Zaporojye vilayətlərindən keçir. Hadisənin baş verdiyi nöqtə cəbhə xəttindən təxminən 40 kilometr məsafədə yerləşir. Rusiya ilə ilhaq edilmiş Krım arasındakı əsas quru yolu isə daha cənubdan - Mariupol rayonundan keçir.

Daşıyıcı şirkətin verdiyi açıqlamada bildirilir ki, əvvəllər bu marşrut təhlükəsiz hesab olunurdu və avtobus işğal olunmuş ərazilərə getmək istəyən sərnişinlərin sıx tələbatı səbəbindən bu yoldan istifadə edirdi.

Son həftələrdə Zaporojye, Donetsk və Luqansk vilayətlərində, Rusiyanın dərin arxa cəbhəsində Ukrayna PUA-larının nəqliyyat vasitələrinə zərbələr endirməsi müntəzəm xarakter alıb. Ukrayna Silahlı Qüvvələri bu addımlarla Rusiyanın hərbi loqistikasını, xüsusən də ilhaq edilmiş Krımın yanacaq təchizatını sıradan çıxarmağa çalışır. Artıq bu zərbələr nəticəsində Krımda ciddi yanacaq böhranı yaranıb.

Əvvəllər dronlar üçün əlçatmaz hesab edilən nöqtələr indi hədəfə çevrilir. Bu çərçivədə cəbhə xəttindən xeyli uzaqda yerləşən Melitopol şəhərinə də PUA hücumu reallaşdırılıb və Rusiya tərəfi orada da 2 nəfərin öldüyünü bəyan edib.

Rasim

“AzPolitika.info”