Mopedlərlə bağlı dövlət rüsumunun dərəcələri qüvvədə olan dövlət rüsumları məbləğində tənzimlənəcək.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Hesablama Palatası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, sözügedən rüsumlar aşağıdakılardır:

  • Mopedlərin illik qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə – 15 manat;
  • Mopedlərin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya moped alıcısının tələbi ilə mopedlərə texniki baxış keçirilməsi üçün – 15 manat;
  • Mopedlərin qeydiyyatına (daimi və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələr əsasında həmin nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına) görə – 15 manat;
  • Sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə – 40 manat;
  • Mopedlərin idarə olunmasının sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə – 20 manat;
  • Sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün – 30 manat;
  • Dövlət qeydiyyat nişanlarının verilməsinə görə – 15 manat;
  • Qeydiyyat şəhadətnaməsinin verilməsi – 30 manat;

Bildirilib ki, qanun layihəsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2025-ci il 9 dekabr tarixli 307-VIIQD nömrəli qanunun icrası ilə əlaqədar hazırlanıb.

Həmin qanunla yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması, mopedlərin iştirakı ilə baş verə biləcək qəza hallarının qarşısının alınması və bu sahədə tənzimləmənin yaradılması məqsədilə mopedlərin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçirilərək uçota alınması və bunun əsasında onlara dövlət qeydiyyat nişanının verilməsi, habelə mopedlərin sürücülük vəsiqəsi əsasında idarə olunması müəyyən olunub. Bununla da nəqliyyat vasitəsi sürücüləri üçün nəzərdə tutulmuş bir sıra vəzifələr moped sürücülərinə də şamil olunacaq. Beləliklə, mopedi idarə etmək üçün “A1” kateqoriyalı sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı tələb olunur.

Təklif olunan dəyişiklik uyğunlaşdırma çərçivəsində adıçəkilən qanundan irəli gələrək mopedlərin texniki baxışdan keçirilməsinə, dövlət qeydiyyatına alınmasına, sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna, sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsinə və dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun dərəcələrinin qüvvədə olan dövlət rüsumları məbləğində tənzimlənməsini, eləcə də qeydiyyatdan keçmiş mopedlərin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin icbari sığortasını nəzərdə tutur.

Qeyd edək ki, moped kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla elektrik mühərriki olan və ya iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsidir.