Ermənistan hökuməti bu ay ərzində meyvə-tərəvəz və gül-çiçək ixracatçılarına maliyyə kompensasiyasının verilməsini planlaşdırır. Rəsmi İrəvanın bu təcili addımı ölkənin ixracat sahəsində yaranan ciddi problemlərdən və alternativ bazarlar axtarışından xəbər verir.

“AzPolitika” xəbər verir ki, bu barədə Ermənistanın rəsmi dairələri və hökumətə yaxın media qaynaqları məlumat yayıb.

Qərara əsasən, əgər yerli ixracatçılar istixana şəraitində yetişdirilən meyvə-tərəvəz və gülləri digər bazarlara çatdıra bilsələr, reallaşdırılan hər kiloqram və ya ədəd məhsula görə hökumətdən birbaşa maliyyə dəstəyi alacaqlar.

Ermənistan ərazisindən 2026-cı ilin iyun ayı ərzində ixrac edilən istixana məhsulları üçün müəyyən edilən subsidiya tarifləri aşağıdakı kimidir:

Çiyələk: Hər 1 kiloqramına görə 770 dram (3,40 manat)

Pomidor: Hər 1 kiloqramına görə – 275 dram (1.20 manat)

Bibər: Hər 1 kiloqramına görə – 400 dram (1,75 manat)

Gül-çiçək: Hər 1 ədədinə görə – 37 dram (16 qəpik)

Məsələnin hökumət üçün nə qədər operativ və təxirəsalınmaz olduğunu hazırlanan layihənin strukturu da sübut edir. Belə ki, hələlik dövlət büdcəsində rəsmi dəyişikliklər edilmədən, İqtisadiyyat Nazirliyinə bir ay ərzində bu ödənişləri həyata keçirmək üçün birbaşa vəsait ayrılacaq.

Baş nazir aparatının rəhbəri Arayik Arutyunyan bildirib ki, yaxın günlərdə təkcə istixana məhsulları deyil, ümumilikdə meyvə ixrac edən digər sahibkarlara da analoji dəstəyin verilməsi barədə qərar qəbul olunacaq. Hökumətin ilkin qiymətləndirmələrinə görə, yalnız bu ay üçün nəzərdə tutulan ümumi kompensasiya paketi 1.9 milyard dram (təxminən 5 milyon dollardan çox) təşkil edəcək.

Ekspertlər qeyd edirlər ki, Ermənistanın ixracatçılara bu cür tələsik maliyyə rıçaqları ayırması, xüsusilə Rusiya bazarında son dövrlər erməni məhsullarına qarşı tətbiq edilən qeyri-rəsmi qadağalar və regional logistik kəsintilərlə birbaşa bağlıdır. Paşinyan hökuməti bu addımla yerli sahibkarların iflasının qarşısını almağa və onları Rusiya asılılığından çıxaraq digər ölkələrin bazarlarına yönləndirməyə çalışır.

Rasim Əliyev

“AzPolitika.info”