İyunun 4-nə keçən gecə Rusiya və Ukrayna qarşılıqlı olaraq son ayların ən irimiqyaslı hava hücumlarından birini reallaşdırıblar. Hər iki tərəfdən yüzlərlə zərbə pilotsuz təyyarəsinin (PUA) və raketlərin istifadə olunduğu hücumlar nəticəsində ciddi dağıntılar, ölən və yaralananların olduğu bildirilir.

“AzPolitika” rəsmi hərbi qaynaqlara və yerli rəsmilərə istinadən qarşılıqlı zərbələrin təfərrüatını təqdim edir:

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin yaydığı rəsmi məlumata görə, Rusiya ordusu gecə saatlarında Ukrayna ərazisinə bir ədəd "İskəndər-M" ballistik raketi və 293 ədəd zərbə PUA-sı (kamikadze dron) ilə hücum edib. Ukrayna Hava Hücumundan Müdafiə (HHM) qüvvələri bu dronlardan 264-nü səmada məhv edə bilib.

Hücumların Ukrayna şəhərlərində yaratdığı fəsadlara gəlincə, Xerson vilayətinin yerli hakimiyyət orqanlarının məlumatına görə, kamikadze dronun yaşayış binasına çırpılması nəticəsində 12 yaşlı oğlan uşağı yaralanıb və xəstəxanaya yerləşdirilib.

Borispildə Rusiya ordusunun sənaye obyektinə endirdiyi zərbə nəticəsində müəssisənin bir işçisi yaralanıb. Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti (FHDX) obyektdə güclü yanğının söndürülməsi istiqamətində işlərin davam etdiyini bildirib.

FHDX-nin məlumatına görə, Pavloqrad şəhərində çoxmərtəbəli yaşayış binasının iki mənzilində yanğın baş verib, iki nəfər xəsarət alıb. Dnepr rayonunda anbarlar alışıb, Sinelnikov rayonunda isə çoxmənzilli binalar, fərdi ev və infrastruktur obyektləri zədələnib.

Çerniqov vilayətinin Semyonovka şəhərində anbar binası, Ponornitsa icmasında isə fermer təsərrüfatının köməkçi tikilisi alışıb. Rusiya hərbçiləri Odessa vilayətində isə böhranlı infrastruktur obyektinə zərbə endiriblər, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Ukrayna Krımı və Rusiya vilayətlərini hədəf aldı: Qatar vuruldu, ölənlər var

Ukrayna Silahlı Qüvvələri də öz növbəsində Rusiya daxilindəki hədəflərə və ilhaq edilmiş Krım yarımadasına irimiqyaslı dron hücumları təşkil edib.

Rusiya tərəfinin yaydığı məlumatlara görə, Rusiyanın ilhaq etdiyi Krımın rəhbəri Sergey Aksyonov Ukrayna ordusunun Simferopola hücumu nəticəsində 3 nəfərin öldüyünü, 7 nəfərin yaralandığını bəyan edib. Onun sözlərinə görə, zərbələr qeyri-yaşayış obyektlərinə dəyib.

Aksyonovun digər rəsmi açıqlamasına görə, Azovskdan Kerçə gedən şəhərətrafı sərnişin qatarına PUA hücumu nəticəsində daha 1 nəfər həlak olub, 3 nəfər isə yaralanıb.

Yerli "Krımski veter" Teleqram kanalı partlayış səslərinin Feodosiya və Kerçdə də eşidildiyini yazıb. Həmçinin, ilhaq edilmiş Sevastopolun Qələbə parkı yaxınlığında – Rusiyaya məxsus "Pantsir" zenit-raket kompleksinin yerləşdiyi iddia edilən ərazidə törədilən zərbənin videosu yayılıb. Sevastopol qubernatoru Mixail Razvojayev isə HHM qüvvələrinin dron hücumunu dəf etdiyini, vurulan dronların qalıqlarının bəzi binaların fasadına ziyan vurduğunu bildirib.

Bryansk vilayətinin qubernatoru Yeqor Kovalçuk Ukrayna ordusunun FPV-dronlarla Starodubsk bələdiyyə dairəsindəki kəndi vurduğunu, bir qadının yaralanaraq xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Rusiya Müdafiə Nazirliyi gecə ərzində Ukraynaya məxsus ümumilikdə 272 pilotsuz təyyarənin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini bəyan edib. Rəsmi məlumata görə, dronlar Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kursk, Nijni Novqorod, Oryol, Rostov, Ryazan və Tambov vilayətləri, həmçinin ilhaq edilmiş Krım, Qara dəniz və Azov dənizi akvatoriyası səmada zərərsizləşdirilib.

Rasim Əliyev

“AzPolitika.info”