Donald Trampın ABŞ tarixinə necə bir prezident kimi düşəcəyini indidən proqnozlaşdırmaq çətin deyil. Təkcə beynəlxalq müstəvidə deyil, ABŞ-nin öz daxilində də Trampın prezidentliyinin az qala fəlakətli bir səhv olduğuna dair fikir getdikcə güclənməkdədir.

“AzPolitika” xəbər verir ki, Oslo Azadlıq Forumunda çıxış edən məşhur amerikalı aktyor Riçard Qir Donald Trampı sərt şəkildə ittiham edib: "Bu planetdə mənim indiyə qədər yaşadığım ən qaranlıq anı yaşayırıq. Amerikanın bu qədər dəyişə biləcəyini kim düşünərdi? Belə bir manyakın prezident olub yaxşı olan hər şeyi məhv edəcəyini kim düşünərdi? Amerika heç vaxt mükəmməl bir yer olmayıb, amma onun mükəmməllik idealı var. İlk gündən bu adam ABŞ hökumətində və insanlarında demək olar ki, yaxşı olan hər şeyi məhv etdi".

76 yaşlı aktyor "dəhşətli diktaturaların" sürətlə yüksəlişi barədə xəbərdarlıq edib. O deyib ki, ABŞ-də insanlar "yuxuya getdikləri və səs vermədikləri" üçün Tramp Ağ Evə qayıtdı: “Əlbəttə ki, mən bu adama səs verməmişəm, amma ətrafımdakı insanları, dostlarımı və tanışlarımı Trampın ABŞ Prezidenti seçilməsinin dəlilik olduğuna inandırmaq üçün də kifayət qədər iş görməmişəm. Hamımız bunun üçün məsuliyyət daşımalıyıq”.

“AzPolitika.info”