Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye Atom Elektrik Stansiyasını enerji ilə təmin edən istilik elektrik stansiyası səhər saatlarında Ukrayna tərəfindən intensiv bombardımana məruz qalıb.

Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) məlumat yayıb. 

Bildirilib ki, agentliyin müşahidəçiləri istilik elektrik stansiyası istiqamətindən qalxan sıx tüstünü qeydə alıblar. Eyni zamanda, ərazidə güclü hərbi aktivliyin müşahidə edildiyi qeyd olunub.

Məlumata görə, bombardıman səbəbindən stansiyanın əməkdaşları təhlükəsizlik məqsədilə sığınacaqlara yerləşdirilib.

BAEA rəsmiləri vurğulayıblar ki, hücumlar Zaporojye AES-in xarici enerji təchizatını təmin edən sonuncu elektrik xəttinin də sıradan çıxması riskini artırır. Hazırda həmin xəttin fəaliyyətini davam etdirdiyi bildirilsə də, vəziyyət ciddi narahatlıq doğurur.

BAEA-nın baş direktoru Rafael Qrossi bölgədəki vəziyyətlə bağlı dərin narahatlığını ifadə edərək hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıb. Onun sözlərinə görə, atom elektrik stansiyasında uzunmüddətli enerji kəsintisi baş verərsə, bu, nüvə təhlükəsizliyi baxımından ciddi risklər yarada bilər.

"AzPolitika.info"