Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında mühüm telefon danışığı baş tutub. Tərəflər Rusiyanın son günlər Ermənistana qarşı tətbiq etdiyi iqtisadi məhdudiyyətləri və İrəvanın düşdüyü çətin vəziyyətdən çıxış yollarını müzakirə ediblər.

“AzPolitika” xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri özü rəsmi açıqlama yayıb.

Kremlin addımlarını kəskin pisləyən Ursula fon der Lyayen bildirib: "Bu, iqtisadi təzyiqdən başqa bir şey deyil və tamamilə qəbuledilməzdir. Avropa Ermənistanın yanında möhkəm dayanıb. Biz Ermənistan üçün xüsusi dəstək paketi hazırlayırıq".

Avropa Komissiyası rəhbərinin sözlərinə görə, hazırlanan təcili yardım paketi ilk mərhələdə 50 milyon avrodan çox birbaşa maliyyə yardımını nəzərdə tutur. Bu vəsait bəzi erməni məhsullarının, xüsusən də kənd təsərrüfatı və qida sənayesi mallarının ticarətini asanlaşdırmaq və Rusiyadan dəyən zərəri yumşaltmaq üçün istifadə olunacaq.

Rusiyanın qadağasından ən çox zərər çəkən sahələrdən biri olan gülçülük sektoruna praktik dəstək veriləcək. Fon der Lyayen qeyd edib ki, artıq sabah Ermənistandan Latviyaya 10 000 ədəd güldən ibarət ilk partiya çatacaq və ardınca digər Avropa ölkələrinə də tədarük davam edəcək.

Eyni zamanda, Aİ-nin Ermənistandakı səfiri Vasilis Maragos da İrəvanda verdiyi rəsmi bəyanatda Rusiyanın qadağalarına qarşı Brüsselin Ermənistana əlavə maliyyə və logistik dəstək göstərəcəyini təsdiqləyib.

Telefon danışığı zamanı regional nəqliyyat dəhlizlərinə də toxunulub. Avropa Komissiyasının sədri regiondakı yeni infrastruktur imkanlarını yüksək qiymətləndirib:

"Türkiyə ilə ticarət yollarının, o cümlədən Gürcüstan və Türkiyədən keçən dəmir yolu əlaqəsinin yenidən açılması irəliyə doğru atılmış parlaq bir addımdır. Ermənistan Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən strateji bir qovşağa çevrilmək potensialına malikdir".

Fon der Lyayen Aİ-nin regional kommunikasiyaların və infrastruktur layihələrinin inkişafına dəstək verməyə tam hazır olduğunu bir daha vurğulayıb. Ermənistan tərəfinin yaydığı məlumata görə, Paşinyan və Fon der Lyayen cari layihələri əlaqələndirmək və yeni əməkdaşlıq istiqamətlərini müzakirə etmək üçün "Ermənistan-Aİ Birgə İşçi Qrupu"nun yaradılması barədə razılığa gəliblər.

Xatırladaq ki, Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində Rusiyanın "keyfiyyət uyğunsuzluğu" bəhanəsi ilə erməni məhsullarının daxili bazara girişini əngəlləməsi, İrəvandakı Paşinyan hakimiyyətinə qarşı aşkar iqtisadi sanksiya xarakteri daşıyır. Qərbin, xüsusilə də Avropa İttifaqının bu prosesə dərhal reaksiya verərək təcili maliyyə paketi ayırması və erməni məhsullarını (məsələn, gülləri) Avropa bazarlarına yönləndirməsi, Cənubi Qafqazda Rusiya ilə Qərb arasında gedən iqtisadi və geosiyasi nüfuz müharibəsinin daha da kəskinləşdiyini göstərir.

Rasim Əliyev

“AzPolitika.info”