Ermənistan Apellyasiya Məhkəməsi keçən il ölkədə kütləvi etiraz aksiyalarına rəhbərlik edən və xalq arasında "keşiş Baqrat" kimi tanınan Tavuş yeparxiyasının keçmiş rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın barəsindəki həbs qətimkan tədbirini dəyişdirib. Məhkəmənin qərarı ilə o, ev dustaqlığına buraxılıb.
“AzPolitika” Ermənistanmediası istinadla xəbər verir ki, təxminən bir ildir ki, həbsdə saxlanılan Baqrat Qalstanyan məhkəmənin bu qərarı ilə razılaşmadığını və tam bəraət tələb etdiyini bəyan edib. O, yaxın saatlarda həbsxanadan çıxarılaraq daimi yaşadığı evə köçürüləcək.
Xatırladaq ki, Ermənistanda Paşinyan hökumətinə qarşı radikal dini-siyasi hərəkata rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyana qarşı olduqca ağır maddələrlə cinayət işi açılıb. Din xadimi rəsmən terrorçuluq və hakimiyyəti qəsb etməyə cəhd maddələri ilə təqsirləndirilir. Baqrat Qalstanyan və onun vəkilləri isə irəli sürülən ittihamların tamamilə saxta və siyasi sifarişli olduğunu iddia edirlər. Onlar həm arxiyepiskopun, həm də onunla eyni gündə həbs edilən ondan çox müxalif fəalın barəsində tətbiq edilən həbs qətimkan tədbirlərinin heç bir hüquqi əsası olmadığını bildirirlər.
Qeyd edək ki, Nikol Paşinyan hökuməti tərəfindən ciddi təhlükə kimi görülən və keçən il həbs edilən Baqrat Qalstanyanın parlament seçkiləri yaxınlaşdıqca ev dustaqlığına buraxılması İrəvanda daxili siyasi qüvvələr arasında yeni bir kompromis və ya taktiki gediş kimi qiymətləndirilə bilər. Lakin Qalstanyanın ilk açıqlamasında güzəştə getməyəcəyini və tam bəraət tələb etdiyini bildirməsi, onun rəhbərlik etdiyi revanşist qüvvələrin Paşinyan əleyhinə yenidən aktivləşməyə çalışacağından xəbər verir.
Rasim
“AzPolitika.info”

Şərhlər