ABŞ-nin region ölkələrindəki hərbi bazaları İrana qarşı hücumlarda istifadə olunacağı təqdirdə, həmin mövqelər İslam Respublikasının qanuni hədəfinə çevriləcək.

"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi xatırladıb.

"Biz region ölkələrinə xəbərdarlıq etmişdik ki, əgər ABŞ bazaları İrana qarşı təcavüzdə iştirak edərsə, bizim qanuni hədəfimizə çevriləcək", - o bildirib.

A. Əraqçi vurğulayıb ki, İranın cavabı region ölkələrinin ərazisinə yox, ABŞ bazalarına yönəlib: "Bu kontekstdə Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə davamlı təmaslarımız olub.

Regionun bir çox ölkələri öz hava məkanından və ərazilərindən İrana qarşı istifadə olunmasının əleyhinə idi, lakin təəssüf ki, ABŞ bu imkanlardan bizə qarşı istifadə edib".