Ermənistandakı parlament seçkisi öncəsi keçirilən son debatda Baş nazir Nikol Paşinyanla Kremlin emissarı olan milyarder Samvel Karapetyanın partiyasının nümayəndəsi və qardaşı oğlu Narek Karapetyan arasında gərgin anlar yaşanıb.

“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, debat zamanı Karapetyan Paşinyana KTMT-dən çıxmaqla bağlı sual verib. Paşinyan açıq şəkildə bəyan edib ki, Ermənistan KTMT-yə qayıtmayacaq və lazım gələndə təşkilatdan çıxmaqla bağlı rəsmi qərarını verəcək.

Karapetyan Paşinyandan KTMT-də "iştirakın dondurulmasının" nə demək olduğunu və təşkilatdan çıxmaq qərarının niyə hələ də verilmədiyini soruşub. Paşinyan cavabında deyib: "Biz çıxacağıq. Bizi qorxudursunuz? Biz qərar verəcəyik və çıxacağıq… Lazım gələrsə, çıxacağıq. Demişəm ki, geri qayıtmayacağıq və qərar verəcəyik. Buna biz qərar verəcəyik, xarici agentlər yox”. 

Paşinyan bununla da Karapetyanın Rusiya agenti olduğuna, onun partiyasının isə Kremlin maraqlarına xidmət etdiyinə işarə vurub.

Xatırladaq ki, 2024-cü ilin sentyabrında Paşinyan Ermənistanın KTMT-dəki iştirakını dondurduğunu elan edib, 2024-cü ilin dekabrında isə "Ermənistanla KTMT arasındakı münasibətlərin geri dönüş nöqtəsini keçdiyini" deyib.

“AzPolitika.info”