Rusiya ilə Ermənistan arasında gərginlik ən pik nöqtəsinə çatır. Rusiya Xarici İşlər Naziri Sergey Lavrov rəsmi İrəvandan Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalmaq və ya Avropa İttifaqına (Aİ) doğru hərəkət etmək barədə qəti qərar verməsini tələb edib.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya diplomatiyasının rəhbəri “İzvestiya” qəzetinə müsahibəsində bəyan edib.

Lavrov Moskvanın İrəvanın addımlarını izlədiyini vurğulayaraq deyib: “Biz erməni xalqının istənilən seçiminə hörmət edəcəyik. Lakin qoy bu seçim artıq edilsin”.

Rusiya XİN rəhbəri Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın "yalnız məsələ real olanda referendum elan olunacaq" bəyanatına da reaksiya verib.

Lavrov qeyd edib ki, İrəvan prosesi özü süni şəkildə qızışdırır: “Əgər belə bir plan (referendum haqqında) varsa, deməli, siz artıq bununla bağlı qərar vermisiniz. Belə olan halda gəlin sözlərimizə görə cavab verək və xalqa müraciət edək. Ermənistan Baş naziri Nikol Paşinyan bu günlərdə seçkiqabağı təşviqat kampaniyası zamanı sülh göyərçini uçurarkən bildirdi ki, o, Ermənistanı bu və ya digər tərəfə getməyə məcbur edə bilməz”.

Lavrov həmçinin iddia edib ki, Qərb açıq şəkildə Rusiyanın qonşularını Moskva ilə əməkdaşlığın gətirdiyi üstünlüklərdən məhrum etməyə çalışır. Onun sözlərinə görə, Ermənistan hazırda Avropa İttifaqının diktə etdiyi təhlükəli “ya o, ya bu” məntiqinin sınağından keçir.

Son günlər Moskva mütəmadi olaraq İrəvandan mövqeyini dəqiqləşdirməyi Ermənistanın Aİİ-də qalıb-qalmayacağını və ya rəsmən Aİ-yə üzvlüklə bağlı addım atacağını elan etməsini tələb edir.

Təzyiqlər bununla bitmir. Aİİ-yə üzv olan dörd ölkənin rəhbərləri (Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan) Ermənistanı mümkün olan ən qısa müddətdə Aİ-yə qoşulmaq və ya Aİİ-də qalmaq barədə ümumxalq səsverməsi (referendum) keçirməyə çağırıb. Müttəfiqlər bəyan ediblər ki, Ermənistanın ittifaqda üzvlük məsələsinə bu ilin dekabrında keçiriləcək sammitdə yenidən baxılacaq. İrəvan isə hələlik bu kollektiv tələbə rəsmi cavab verməyib.

Ermənistan Baş naziri Nikol Paşinyan isə Moskvanın və müttəfiqlərin bu təzyiqlərinə qarşı tam fərqli tezislə çıxış edib. Baş nazir hazırkı mərhələdə belə bir referendumun keçirilməsinin heç bir məntiqi olmadığını bəyan edib.

Paşinyan mövqeyini Ermənistanın Avropaya inteqrasiyasının hələ hüquqi müstəviyə keçməməsi ilə əsaslandırıb:“Ermənistan rəsmən Avropa İttifaqına üzvlüklə bağlı müraciət etməyib və Aİ-yə üzvlüklə bağlı namizəd statusu almağa yaxın deyil. Belə bir vəziyyətdə sırf nəzəri bir seçimi referendum müstəvisinə çıxarmaq tamamilə qeyri-ağıllı addımdır”.

Rasim Əliyev

“AzPolitika.info”