Dövlət qulluğuna qəbul olunma qaydalarının daha da təkmilləşdirilməsi hər zaman prioritet olaraq qalmaqdadır. Hazırda dövlət qulluqçularının sayı 27,4 min nəfərdir ki, onların da 30,3 faizini qadınlar təşkil edir. 

Bunu deputat Vüqar Bayramov parlamentin bu gün keçirilən iclasında deyib.

Deputat bildirib ki, konseptual olaraq iki məqama diqqəti çəkmək istərdim: “Birinci dövlət qulluqçuların çalışdıqları iqtisadi rayonlar üzrə bölgüsüdür. Rəsmi statistikaya əsasən, hazırda Naxçıvan Muxtar Respublikasında 2272 dövlət qulluqçusu çalışır. Bakı şəhərində 13756 dövlət qulluqçusu var. Dövlət qulluqçularının daha çox hissəsinin Bakının payına düşməsi anlaşılandır. Bununla belə, bir sıra iqtisadi rayonlarımızda dövlət qulluqçularının sayı heç min nəfərə belə çatmır. Belə ki, Abşeron-Xızı iqtisadi rayonunda cəmi 662, Dağlıq Şirvan iqtisadi rayonunda 696, Mil-Muğan iqtisadi rayonunda 720, Şirvan-Salyan iqtisadi rayonunda 764, Quba-Xaçmaz iqtisadi rayonunda isə 795 dövlət qulluqçusu var. Bu baxımdan, dövlət qulluqçuları üzrə vakansiyaların elan edilməsində diferensial olaraq regional yanaşmanın da tətbiqinə ehtiyac var. Bu iqtisadi rayonlarımızda ixtisaslı kadrların işlə təminatı baxımdan da vacibdir.

Dövlət qulluqçularının 7,4 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali - 3-cü təsnifatlarda çalışır. 92.6 faizi digər təsnifatlarda o cümlədən, 46,6 faizi 7-ci təsnifatı, 22,2 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyirlər. Bu isə o deməkdir ki, dövlət qulluqçuların böyük əksəriyyəti üçün işə qəbul ilə bağlı tələblər tətbiq olunur. Bununla yanaşı, hazırda dövlət qulluqçularının 69.5 faizi 5 ildən çox çalışanlardır.

Təbii ki, bu sahədə aparılan dərinləşidirlimiş islahatlar dövlət qulluqçularının yaş intervalına da təsir göstərib. Hazırda dövlət qulluğunda çalışanların tən yarısının yaşı 40-dan aşağıdır. Bu isə dövlət qulluğunda işə qəbulda keyfiyyət meyarları baxımdan vacib hesab olunur”.