İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ Prezidenti Donald Trampın Müctəba Xameneyi ilə mümkün görüş barədə açıqlamalarına münasibət bildirib.

Əraqçı “Əl-Məyadin” telekanalına müsahibəsində bu iddiaları rədd edərək məsələyə “real dünya kontekstində” yanaşılmasının vacibliyini vurğulayıb.

Nazir bildirib ki, təhlükəsizlik orqanlarının tövsiyəsinə əsasən, ali rəhbərin ictimai çıxışları məhdudlaşdırılıb. Bununla belə, onun idarəetmə və qərarvermə prosesində rolunun davam etdiyi qeyd olunub.

Əraqçının sözlərinə görə, Xameneyi ilə əlaqə “fasiləsiz” şəkildə saxlanılır və verilən göstərişlər aidiyyəti qurumlar tərəfindən icra olunur. O, ABŞ ilə əlaqələrin davam etdirilməsinin də ali liderin qərarı olduğunu bildirib.

İyunun 3-də Tramp Müctəba Xameneyi ilə mümkün görüşün istisna olmadığını, gələcəkdə belə bir görüşün baş tuta biləcəyini demişdi.

"AzPolitika.info"