2026 FIFA Dünya Kubokuna hazırlıqlarını ABŞ-də davam etdirən Türkiyə milli futbol komandası növbəti yoxlama oyununda Venesuela ilə üz-üzə gələcək. Matç iyunun 7-də Florida ştatındakı Inter Miami stadionunda keçiriləcək.
Bu görüş Türkiyə və Venesuela yığmaları arasında tarixdə ilk qarşılaşma olacaq. FIFA reytinqində 49-cu pillədə qərarlaşan Cənubi Amerika təmsilçisi Dünya Kubokunda iştirak etməyəcək.
Xatırladaq ki, "ay-ulduzlu"lar ilk hazırlıq oyununda Şimali Makedoniyanı 4:0 hesabı ilə məğlub edib. Baş məşqçi Vincenzo Montellanın rəhbərliyi altında çıxış edən Türkiyə millisi Dünya Kuboku öncəsi hazırlıqlarını davam etdirir.
Türkiyə yığması indiyədək 650 oyun keçirib. Komanda bu matçlarda 258 qələbə qazanıb, 151 heç-heçə edib və 241 dəfə məğlub olub. Millilər rəqib qapılarından 901 top keçirib, öz qapısında isə 926 qol görüb. Venesuela ilə görüş komandanın tarixindəki 651-ci oyun olacaq.
Vincenzo Montella Türkiyə millisinin baş məşqçisi kimi indiyədək 32 matçda komandanı meydana çıxarıb. İtaliyalı mütəxəssisin rəhbərliyi altında yığma 19 qələbə qazanıb, 5 heç-heçə edib və 8 məğlubiyyət alıb.
Venesuela ilə oyundan sonra Türkiyə milli komandası Dünya Kuboku üçün əsas hazırlıq düşərgəsini davam etdirmək məqsədilə ABŞ-ın Arizona ştatının Mesa şəhərinə yollanacaq.
"AzPolitika.info"

Şərhlər