ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində İran böhranına həsr olunmuş dinləmələr zamanı Dövlət katibi Marco Rubio ilə demokrat konqresmen Sara Ceykobs arasında gərgin mübahisə yaşanıb.

Kaliforniyanı təmsil edən demokrat deputat Sara Ceykobs Rubionun İran siyasətini tənqid edərkən, daha əvvəl sosial şəbəkələrdə müzakirələrə səbəb olan ayağına böyük gələn ayaqqabı məsələsinə də toxunub. O, Dövlət katibinə müraciətlə, “Siz faktları qəbul etməkdə çətinlik çəkirsiniz. Hətta Prezident Donald Trampın sizə hədiyyə etdiyi ayaqqabıların böyük olduğunu belə etiraf edə bilmədiniz” deyib.

Ceykobsun sözləri qarşısında təəccüblənən Rubio isə iddiaları rədd edərək, “Ayaqqabılar haqqında heç nə bilmirəm. Prezident Tramp mənə ayağıma tam uyğun olan Florsheim markalı ayaqqabılar verib. Nədən danışdığınızı anlamıram” cavabını verib.

Müzakirələrin daha da qızışması fonunda Rubio komitədəki atmosferi sərt şəkildə tənqid edib. O, “Ayaqqabıları buradan necə görə bilərsiniz? Biz ayaqqabılardan danışırıq? Zarafat edirsiniz? Bura Xarici Əlaqələr Komitəsidir, yoxsa sirk?” ifadələrini işlədib.

Dinləmələr zamanı Rubio həmçinin ABŞ Prezidenti Donald Trampın İranla bağlı siyasətinin şəxsi maraqlarla əlaqələndirilməsi iddialarını da rədd edib. O bildirib ki, Tramp heç vaxt xarici siyasəti şəxsi maraqları ilə əlaqələndirməyib.

Qeyd edək ki, ABŞ mətbuatında daha əvvəl Donald Trampın bəyəndiyi Florsheim markalı ayaqqabıları yaxın ətrafına hədiyyə etdiyi barədə məlumatlar yayılmışdı. Məlumata görə, bu ayaqqabılar Trampın köməkçilərinə, hökumət rəsmilərinə və yüksək səviyyəli qonaqlara təqdim olunub.

"AzPolitika.info"