Son günlər Azərbaycanın müxtəlif regionlarında hava şəraitinin qeyri-sabit olması, intensiv yağış, dolu, sel-subasma, fırtına və qasırğa kimi təbiət hadisələri kənd təsərrüfatına və əkin sahələrinə əhəmiyyətli ziyan vurub.
"Report" xəbər verir ki, bu hadisələrlə bağlı sığortalanmış fermerlər tərəfindən Aqrar Sığorta Fonduna (ASF) təqdim olunan zərər müraciətlərinin sayında kəskin artım müşahidə olunub.
Güclü yağışların yeni dalğasının başladığı may ayının əvvəlindən bu günədək Aqrar Sığorta Fonduna ölkənin 35 rayonundan 3 500-dən artıq müqavilə üzrə zərər bildirişləri qeydə alınıb.
Müraciətlər Abşeron, Zərdab, Şabran, Xızı, Ağcabədi, Şəki, Beyləqan, İsmayıllı, Hacıqabul, Yevlax, Tərtər, Xaçmaz, Qobustan, Goranboy, Oğuz, Xocavənd, Zaqatala, Qax, Daşkəsən, Göygöl, Kürdəmir, Neftçala, Ağdam, Ağsu, Biləsuvar, Füzuli, Şahbuz, Qəbələ, Qusar, Şamaxı, Samux, Şəmkir, Xocalı, Yardımlı, Qazax və digər rayonları əhatə edir.
Bu müddət ərzində Aqrar Sığorta Fonduna daxil olan zərər müraciətləri 53 min hektar əkin sahəsini əhatə edən müqavilələrə aiddir. Həmin ərazinin 52 min hektarı taxıl sahələri - arpa və buğda əkinlərindən ibarətdir. Zərər bildirişləri eyni zamanda alma, armud, badam, ərik, fındıq, gilas, nar, nektarin, pambıq, qoz və şaftalı bitkilərini də əhatə edib.
Ən çox zərər müraciəti Şəki-Zaqatala, Qarabağ, Şirvan-Salyan, Dağlıq Şirvan və Qazax-Tovuz bölgələrindən daxil olub. Aqrar Sığorta Fonduna ən geniş əkin sahələri üzrə müraciətlər isə Şəki-Zaqatala və Şirvan-Salyan regionlarından qeydə alınıb.
Həmin dövrdə ən çox rast gəlinən hadisələr sel-subasma, çayların daşması nəticəsində yaranan su basmalar, fırtına, qasırğa, dolu və üçüncü şəxslərin hərəkətləri olub. Son bir həftə ərzində daxil olan müraciətlərin əsas səbəbi isə dolu və fırtına-qasırğa halları ilə bağlıdır.
"ASF-da bütün müraciətlər rəsmi qaydada qeydiyyata alınır, ərazilərə baxış keçirmək, hadisəni araşdırmaq və dəyən zərəri hesablamaq məqsədilə bölgələrə aqrar sığorta ekspertləri göndərilir. Hazırda Fondun bütün mütəxəssisləri regionlarda təsərrüfatlara və əkin sahələrinə dəymiş zərərlərin qiymətləndirilməsi işləri ilə məşğuldur.
Dəyən zərərin miqyasından və baş vermiş hadisənin xarakterindən asılı olaraq fermerlərə sığorta ödənişlərinin verilməsi barədə müvafiq qərar qəbul ediləcək. Sığortalanmış fermerlərə zərər kompensasiyaları qanunvericiliklə müəyyən olunmuş prosedura uyğun şəkildə həyata keçirilir", - məlumatda deyilir.
Hadisə baş vermiş, yəni barəsində müraciət qeydə alınan əkin sahəsinə 5-7 gün müddətində aqrar sığorta eksperti göndərilir. Mütəxəssis əkin sahəsində hadisənin faktiki olaraq baş verib-vermədiyini, konkret hansı hadisənin meydana gəldiyini müəyyənləşdirir. Bundan əlavə, ekspert hadisənin qeydə alındığı əkin sahəsinin fermerin rəsmi bəyanatında göstərdiyi koordinatlara uyğunluğunu yoxlayır və ilkin zərər həcmini hesablayır. Əgər əkinin tamamilə məhv olması təsdiqlənərsə, fermerə ödənişin həyata keçirilməsi prosesinə başlanılır.
Əkin sahəsində tam deyil, qismən məhvolma halı aşkar edilərsə, zərər kompensasiyasının ödənilməsi üçün məhsul yığımı dövrünə qədər gözlənilir. Məhsul yığımına 5 gün qalmış ekspert ikinci dəfə həmin sahəyə baş çəkərək yekun zərəri qiymətləndirir və ekspert rəyinə əsasən ödəniş məbləği hesablanaraq fermerə köçürülür.
Qeyd edək ki, aqrar sığorta mexanizmi əkin sahələrini çoxsaylı təbiət hadisələrindən – dolu, sel-subasma, fırtına-qasırğa, leysan, normadan artıq düşən qar, torpaq sürüşməsi, həmçinin yanğın, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və digər risklərdən müdafiə edir.
Fermerlərə dəstək göstərmək məqsədilə sığorta haqqının yarısı dövlət tərəfindən maliyyələşdirilir. Beləliklə, fermerlər minimal ödəniş həyata keçirməklə əkin sahələrini rahat şəkildə sığortalaya bilərlər.
Nümunə olaraq, ən çox müraciət edilən taxıl (arpa və buğda) əkinlərinin sığortalanması üzrə sığorta haqqı: - 1000 manat məhsuldarlıq gözlənilən 1 hektar əkin sahəsinin sığortalanması ölkənin əksər bölgələrində 6,65-10,8 manat aralığında dəyişir.

Şərhlər