Ermənistanda parlament seçkilərinə cəmi bir gün qalmış vəziyyət kritik həddə çatıb. Bu gün müxalif "Çiçəklənən Ermənistan" Partiyasının (BHK) seçki kampaniyası zamanı kütləvi avtomobillə vurmahadisəsi qeydə alınıb. Hadisəni törədən sürücü artıq saxlanılıb.
"AzPolitika" xəbər verir ki, bu barədə Ermənistan polisi məlumat yayıb. Bildirilir ki, sürücü həbs edilərək İstintaq Komitəsinə təhvil verilib.
Hadisənin siyasi motivli olduğu bildirilir. "Çiçəklənən Ermənistan" Partiyası ilə vahid siyahıda seçkilərə qatılan "Ana Ermənistan" hərəkatının üzvləri insidentin təfərrüatlarını açıqlayıblar.
Müxalifətin iddialarına görə, hadisə paytaxt İrəvanın Nerkin Çarbax məhəlləsində baş verib. Nikol Paşinyanın rəhbərlik etdiyi hakim "Vətəndaş Müqaviləsi" partiyasının fəal tərəfdarlarından biri idarə etdiyi avtomobili qəsdən təşviqat kampaniyası aparan müxalifətçilərin və hadisə yerində olan sakinlərin üzərinə sürüb.
Sürücünün hədəfində həm təşviqat iştirakçıları, həm də ərazidə yaranmış gərginliyi, tərəflər arasındakı ehtirasları sakitləşdirməyə çalışan bir yerli sakin olub.
"Ana Ermənistan" hərəkatının nümayəndəsi Sona Aqekyanın verdiyi məlumata görə, münaqişəni yatırmaq istəyərkən avtomobillə vurulan həmin kişi ağır bədən xəsarətləri alaraq təcili hospitalizasiya olunub.
Bundan əlavə, partiyanın bir neçə üzvünün də müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.
"AzPolitika.info"

Şərhlər