Rusiyanın işğalı altında olan Luqansk vilayətindəki qondarma qurumun ("LNR") rəhbərliyi, Ukraynanın işğal olunmuş ərazilərindən keçməklə ilhaq edilmiş Krım yarımadası istiqamətinə gedən avtomobil yollarında sərnişin daşımalarına rəsmən məhdudiyyətlər tətbiq edib. Müvafiq fərmanı rəsmi Moskvaya tabe olan oyuncaq rejim başçısı Leonid Paseçnik imzalayıb.
"AzPolitika" xəbər verir ki, "Krım.Realii"nin yaydığı məlumata görə, sözügedən sənəddə bu radikal addımın Ukrayna Silahlı Qüvvələrinin (USQ) son dövrlərdə intensivləşən hərbi əməliyyatları ilə əlaqədar atıldığı etiraf edilib.
Son həftələrdə Ukrayna dronlarının Rusiya ilə ilhaq olunmuş Krımı birləşdirən və "Novorossiya" adlandırılan magistral yolda hərəkət edən hərbi avtomobillərə müntəzəm zərbələr endirdiyi barədə məlumatlar yayılmaqdadır. Bundan əlavə, Rusiya hakimiyyət orqanları Donetsk vilayəti ərazisində Moskvadan Simferopola gedən müntəzəm sərnişin avtobusuna pilotsuz uçuş aparatının (PUA) zərbə endirməsi nəticəsində 8 sərnişinin həlak olduğunu rəsmən bəyan edib. Bu hadisə bölgədəki quru logistika xətlərinin tamamilə təhlükə altında olduğunu nümayiş etdirib.
Leonid Paseçnikin imzaladığı fərmana əsasən, işğal altındakı ərazilərdən keçən ən mühüm və strateji magistral yolların müəyyən sahələrində həm müntəzəm, həm də qeyri-müntəzəm sərnişin daşımaları tamamilə qadağan edilib. Məhdudiyyət tətbiq olunan əsas marşrutlar aşağıdakılardır:
Belqorod – Starobelsk – Luqansk – Donetsk – Mariupoll
Rostov-na-Donu – Mariupoll – Melitopoll – Simferopoll
Qeyd olunan yollar Rusiyanın Krımı cənub cəbhəsindən təchiz etmək üçün istifadə etdiyi əsas quru dəhlizləridir. Fərmanla həmçinin, müəyyən istisnalar olmaqla, uşaq qruplarının avtomobil nəqliyyatı ilə bu ərazilərdən daşınması da qadağan olunub. Eyni zamanda, mülki və şəxsi nəqliyyat vasitələrinə sahib olan şəxslərə təhlükəsizlik mülahizələrinə görə sözügedən avtomobil yollarından istifadə etməmək ciddi şəkildə tövsiyə edilib.
Ekspertlərin fikrincə, işğalçı administrasiyanın bu rəsmi qərarı Rusiya hakimiyyətinin Ukrayna dronlarının aramsız zərbələri qarşısında Krıma gedən strateji quru yollarını artıq təhlükəsiz hesab etmədiyinin növbəti və ən ciddi təsdiqidir.
Bu logistik çətinliklər artıq Krım yarımadasının hərbi və mülki təchizatına, xüsusilə də yanacaq təminatına çox ağır zərbə vurub. Məlumatlara görə, Ukrayna tərəfinin logistik xətləri və neft bazalarını hədəf alan uğurlu əməliyyatları nəticəsində hazırda Krım yarımadasında benzinin sərbəst satışı demək olar ki, tamamilə dayanıb və bölgədə dərin yanacaq böhranı hökm sürür.
Rasim
"AzPolitika.info"

Şərhlər