Sabiq deputat, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev "facebook" səhifəsində professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi Arif Səlimovun 70 illik yubileyi münasibəti ilə təbrik edib. Həmin təbriki təqdim edirik:
“Riyaziyyat- ağılın ornamenti, intellektual təxəyyülün sərbəst uçuşu və şairə, rəssama, şahmatçıya gələn ilham kimidir”.
Qodfri Xardi
Fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Türkiyə Tübitak Mükafatı Laureatı (PPÖ), Prezident yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının sədri, BDU-da kafedra müdiri Arif Ağacan oğlu Səlimovun 70 yaşı tamam oldu.

Universitetlərin reytinqinə böyük alimlərin orada çalışmalarının təsiri şübhəsizdir. Bakı Dövlət Universitetində xeyli nüfuzlu riyaziyyatçılar, fiziklər dərs deyib və ciddi elmlə məşğul olublar. Arif Səlimov BDU-nun nüfuzunu artıran alimlərdən biridir. O, elmi dərəcələrini 1804-cü ildə əsası qoyulmuş Kazan Dövlət Universitetində qazanıb. Bakı Dövlət Universitetinin mexanika -riyaziyyat fakültəsini bitirdikdən sonra 1980–1983-cü Kazan Dövlət Universitetinin əyani aspiranturasında "Həndəsə və topologiya" ixtisası üzrə təhsil almışdır. 1983-cü ildə aspiranturanı bitirmədən əvvəl dissertasiyasını müdafiyəyə təqdim etmiş və 1984-cü ilin yanvar ayında Kazan şəhərində məşhur sovet həndəsə alimi V. V. Vişnevskinin elmi rəhbərliyi altında namizədlik (PhD) dissertasiyasını müdafiə etmişdir. 1983–1999-cu illərdə Bakı Dövlət Universitetinin həndəsə kafedrasında müxtəlif vəzifələrdə çalışmışdır. 1998-ci ildə Kazan Dövlət Universitetində "Həndəsə və topologiya" ixtisası üzrə elmlər doktoru (D.Sc.) dissertasiyasını müdafiə etmişdir və bu ixtisas üzrə Azərbaycanda yeganə elmlər doktorudur. 2017-ci ildən Bakı Dövlət Universitetinin "Cəbr və Həndəsə" kafedrasının müdiri vəzifəsində çalışır.
Biz millət olaraq hələ də Riyaziyyat elminin ölkənin inkişafındakı rolunu dərk etmirik.
Nəhəng Çin riyaziyyatçısı Kalabi hipotezini (indi Kalabi - Yau hipotezi adlanır) isbat etdiynə görə 1982-ci ildə Riyaziyyat üzrə ən yüksək mükafat sayılan Filds medalına layiq görülmüş Yau Şintunun aşağıdakı fikirləri manifest xarakteri daşıyır:
“Biz riyaziyyatçıların varlanmaq fikri yoxdur, yaxud hansısa sülalə yaratmağa cəhd etmirik, əbədi həqiqət yolunda bizi irəli aparan nəzəriyyə və tənliklər axtarışındayıq. Riyaziyyat elmi dövləti varlı və qüdrətli etmək gücünə malikdir. Ona görə ki, bu elm bütün tətbiqi elmlərin fundamentini təşkil edir. Bununla yanaşı riyaziyyata sahib çıxmaq ölkədə sülhün və sabitliyin qorunmasının qarantı ola bilər. Bizim disiplin müasir cəmiyyətdə həyatın dayanıqlığı və planlaşdırmada əvəzsiz rol oynayır".
Arif Səlimovun Azərbaycanda Riyaziyyat elminin inkişafında əməyi böyükdür. Bu vacib elmi yaşatmaq üçün dərs deyir, alimlər yetişdirir və nüfuzlu riyaziyyatçı kimi ölkəmizi xaricdə tanıtdırır.
Dəyərli Arif müəllim! Sizə sağlam ömür sürməyi və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Şərhlər