"Üçbaşlı müharibə partiyası" ağır məğlubiyyətə uğradı"

"AzPolitika" xəbər verir ki, Ermənistanda keçirilən seçkilərdən sonra ölkənin hazırkı baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi siyasi qüvvənin qələbəsini elan edib. Ermənistan mətbuatının yaydığı məlumata görə, parlamentdə 2025-ci ilin büdcə müzakirələrinə qatılan hökumət başçısı hakim komandanı əldə olunmuş nəticə münasibətilə təbrik edib.

Paşinyan bəyan edib ki, seçkilərin yekunlarına əsasən, onun rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" partiyası parlamentdə çoxluğu təmin edəcək və yeni Nazirlər Kabinetini təkbaşına formalaşdıracaq.

Səsvermənin nəticələrini şərh edən baş nazir müxalif rəqiblərinə qarşı kəskin ittihamlar səsləndirib:

"Ermənistan xalqı öz səsverməsi ilə dövlətin, müstəqilliyin, gələcəyin, sülhün və Ermənistan Respublikasının müdafiəsinə qalxdı. 'Üçbaşlı müharibə partiyası' ağır məğlubiyyətə uğradı. Bu, mühüm, lakin hələ son nəticə deyil. Xalq öz iradəsini açıq şəkildə ifadə etdi. Bu siyasi qüvvə ilə bağlı olan kriminal-oliqarxik sistem Ermənistandan köklü şəkildə silinməlidir".

Hökumət rəhbəri vurğulayıb ki, oliqarxik sistemin ləğv edilməsi yeni parlament çoxluğunun və gələcək hökumətin əsas fəaliyyət istiqamətlərindən biri olacaq. O, bu istiqamətdə ləngimədən, qətiyyətlə və xüsusi tədbirlər tətbiq etməklə hərəkət edəcəklərini bildirib.

Xatırladaq ki, Nikol Paşinyan daha əvvəl rəsmi çıxışlarında keçmiş prezident Robert Koçaryanı, eləcə də tanınmış milyarder-sahibkarlar Samvel Karapetyanı və Qagik Tsarukyanı hədəf alaraq onları "üçbaşlı müharibə partiyası" adlandırmışdı.