Bu gün səhər NATO aviasiyası Latviya ərazisinə daxil olan xarici dövlətə aid PUA-nı zərərsizləşdirib.
“AzPolitika” xəbər verir ki, Latviya tərəfinin bu insidentlə bağlı açıqlaması xarici KİV-də yayımlanıb.
Məlumatda deyilir ki, alyansın hava qüvvələri Rusiyanın elektron müharibə sistemlərindən istifadə etməsi nəticəsində Latviyaya daxil olan xarici PUA-nı Latqaliya bölgəsi üzərində vurub. Hərbi açıqlamaya görə, əməliyyat Fransa qırıcı təyyarələri tərəfindən həyata keçirilib.
Bundan əvvəl Rezekne, Ludza, Balvi və Aluksne bölgələri üçün hava müdafiəsilə bağlı həyəcan siqnalı verilib. Sakinlərə mobil şəbəkələr vasitəsilə təcili mesajlar göndərilib. Latviya hakimiyyəti hadisə ilə bağlı əlavə məlumat verməyib. Ancaq ehtimal olunur ki, söhbət Rusiyanın hava hücumundan müdafiə sistemlərinin elektron mübarizə vasitələrilə yönləndirdiyi Ukrayna PUA-larından gedir.
Bu, may ayının əvvəlindən bəri Latviyada baş verən ən azı beşinci belə hadisədir. Oxşar hadisələr 19, 20 və 21 may tarixlərində də baş verib, lakin bu halların heç birində PUA vurulmamışdı.
“AzPolitika.info”

Şərhlər