Rusiyada Prezident Vladimir Putinin təhlükəsizliyi üçün istifadə olunan xüsusi müşahidə sistemlərinin müvəqqəti olaraq söndürüldüyü iddia edilir.

"AzPolitika" xəbər verir ki, "Financial Times"ın kəşfiyyat mənbələrinə istinadən yaydığı məlumata görə, süni intellekt texnologiyalarının casusluq fəaliyyətlərində istifadəsinin genişlənməsi Kremlin təhlükəsizlik protokollarını yenidən nəzərdən keçirməsinə səbəb olub.

Bildirilir ki, İranın keçmiş ali dini lideri Ayətullah Əli Xameneiyə qarşı həyata keçirilən sui-qəsddən sonra Rusiya rəhbərliyi Putinin və yaxın ətrafının təhlükəsizliyini təmin edən xüsusi rəqəmsal nəzarət sistemini yoxlamaq qərarı verib.

Məlumata görə, Kremlin narahatlığı fevralın 28-də Tehranda baş vermiş və bir sıra yüksəkvəzifəli təhlükəsizlik rəsmilərinin həlak olduğu hücumdan sonra artıb. İddialara əsasən, hücumun təşkilatçıları süni intellekt vasitəsilə milyonlarla saatlıq müşahidə kamerası görüntüsünü təhlil edərək toplantının yeri və vaxtını müəyyənləşdiriblər.

"Financial Times" yazır ki, süni intellekt tərəfindən emal edilən məlumatların digər kəşfiyyat məlumatları ilə birləşdirilməsi təhlükəsizlik xidmətlərinin diqqətini cəlb edib. Bu səbəbdən Putinin şəxsi mühafizəsi üçün istifadə olunan xüsusi müşahidə şəbəkəsi qısa müddətə fəaliyyətini dayandırıb.

Məlumata görə, adi vətəndaşların izlənməsi üçün istifadə olunan yüz minlərlə kameradan fərqli olaraq, sözügedən sistem birbaşa dövlət başçısının təhlükəsizliyinə xidmət edir. Rusiyalı mütəxəssislər mümkün kiber təhdidlərin qarşısını almaq məqsədilə sistemi internetdən tam təcrid etdikdən sonra onun fəaliyyəti bərpa olunub.

Nəşr qeyd edir ki, Kremlin bu addımı atmasında Ukrayna xüsusi xidmət orqanlarının əvvəllər Rusiyadakı müşahidə kameralarına sızaraq müxtəlif əməliyyatlar həyata keçirməsi ilə bağlı iddialar da rol oynayıb.

"AzPolitika.info"