Kremlin ən tanınmış təbliğatçılarından olan Vladimir Solovyov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumuna (SPIEF) dəvət olunmayıb.
“AzPolitika” xəbər verir ki, bunu Solovyov özü dünən axşam "Rossiya 1" kanalında yayımlanan verilişində açıqlayıb.
Məlum olub ki, Kreml təbliğatçısı ilk dəfədir bu foruma dəvət olunmur. Buna açıq şəkildə narazılığını bildirən Solovyov kimlərinsə onun həmin forumda iştirakının əleyhinə olduğuna eyham vurub: "Forum, əlbəttə ki, çox vacib idi. Bu, dəvət olunmadığım ilk forum idi. Yəqin ki, burada bir məntiq var. Yəqin ki, çox narahat suallar verəcəkdim. Amma mənim yerimə bu suallar parlaq şəkildə onlara verildi”.
Keçən il Solovyov sözügedən forumda iştirak etmiş və sessiyaların birində moderatorluq etmişdi. İndi isə bu tədbirdə arzuolunmaz şəxsə çevrilib. Rusiya mediası yazır ki, Solovyovun Sankt-Peterburq forumunda “persona non grata” elan edilməsi, onun öz verilişlərində Mərkəzi Bank rəhbəri Elvira Nabiullina başda olmaqla, maliyə orqanlarını və onların rəhbərlərini tənqid etməsidir. Solovyov Mərkəzi Bank rəhbərini yüksək faiz dərəcələrinə və ümumilikdə aparılan monetar siyasətə görə tənqid edib, hətta bunu dövlətə qarşı sabotaj kimi təqdim edib. O, maliyyə qurumlarının rəhbərlərini dəfələrlə öz proqramında iştirak etməyə və sualları cavablandırmağa çağırsa da, Ukraynadakı müharibə dövründə heç kim bu dəvətlərə cavab verməyib.
Maraqlıdır ki, builki forumda Mərkəzi Bankın sədri Elvira Nabiullinanın özü də iştirak etmədi. Onun iki sessiyada çıxış etməsi planlaşdırılırdı. Mərkəzi Bankın mətbuat xidməti sədrin yoxluğunu onun xəstəlik məzuniyyətində olması ilə izah etdi.
Nabiullinanın Mərkəzi Bank rəhbəri kimi üçüncü və qanunun imkan verdiyi sonuncu müddəti 2027-ci ildə başa çatır. Rusiya mediasının yazdığına görə, onun yerinə üç namizəd var: Prezident Administrasiyasının Aparat rəhbərinin müavini Maksim Oreşkin, Promsvyazbankın sədri Pyotr Fradkov və VTB-nin baş direktoru Andrey Kostin. Rusiya Mərkəzi Bankının rəhbərinin təyin edilməsi qərarı prezident tərəfindən qəbul edilir. Lakin medianın da yazdığı kimi, Putin hələlik Nabiullinanı dəyişmək istəmir. Hətta maliyyə dairələrində çoxları iddia edir ki, Putin onu vəzifəsində saxlamaq niyyətindədəir və bunun üçün qanunvericiliyi dəyişərək, Mərkəzi Bank sədri üçün müddət məhdudiyyətini götüzdürə bilər.
“AzPolitika.info”

Şərhlər