Altıağac-Xızı yolunun təhlükəli vəziyyətdə olması sürücülərin nararahatlığına səbəb olub.

Bununla bağlı videogörüntü yayımlanıb.

Qeyd olunub ki, yolun əksər hissəsi sıradan çıxıb.

"Yol tamamilə dağılıb. Asfalt qatı sıradan çıxıb. O yolla hərəkət etmək risklidir, xüsusən də günün qaranlıq saatlarında", - deyə şikayətdə bildirilib.

Oxu.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli faktı təsdiqləyib.

O bildirib ki, sözügedən yol üzrə layihələndirmə işləri aparılır.

"Cari ilin mart-aprel aylarında müşahidə olunan intensiv yağışlar nəticəsində Bakı şəhərində və respublikanın bir sıra bölgələrində sel və daşqın hadisələri baş verib, bunun nəticəsində yaşayış məntəqələrinə, mühəndis-kommunikasiya şəbəkələrinə və xüsusilə yol infrastrukturuna ciddi ziyan dəyib.

Sel və daşqınların fəsadlarının aradan qaldırılması, zərər görmüş nəqliyyat infrastrukturunun bərpası və gələcəkdə oxşar risklərin minimuma endirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Sel və daşqınların təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamına uyğun olaraq, Xızı-Altıağac avtomobil yolu da daxil olmaqla, ümumilikdə 25 avtomobil yolunda bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Hazırda qeyd olunan avtomobil yollarının əksəriyyətində müvafiq işlərə başlanılıb. Xızı-Altıağac avtomobil yolu üzrə layihələndirmə işləri davam etdirilir. Bununla yanaşı, nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması, eləcə də sel nəticəsində yaranmış ilkin fəsadların aradan qaldırılması məqsədilə ərazidə təxirəsalınmaz tədbirlərin icrasına artıq start verilib", - deyə A.Nəcəfli bildirib.