İyunun 8-də Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Vyetnamın Baş prokuroru Nquyen Tiyenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Qonaqları salamlayan Konstitusiya Məhkəməsinin sədri Azərbaycanla Vyetnam arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib, dövlətlərarası münasibətlərin inkişafında hüquqi əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsinin xüsusi rol oynadığını bildirib. 

Görüş zamanı ölkəmizdə hüququn aliliyinin təmin olunması, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən islahatlar, konstitusiya nəzarətinin həyata keçirilməsi mexanizmləri barədə geniş məlumat verən sədr Fərhad Abdullayev Konstitusya Məhkəməsinin fəaliyyət istiqamətlərindən, həmçinin qərar qəbuletmə proseduru və bu sahədə görülən işlərdən ətraflı bəhs edib. 

Baş prokuror Nquyen Tiyen səmimi qəbula görə təşəkkürünü bildirərək, Azərbaycan ilə Vyetnam arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, məhkəmə və prokurorluq sahələrində münasibətlərin genisləndirilməsinin qarşılıqlı maraqlara uyğunluğunu vurğulayaraq, gələcəkdə təcrübə mübadiləsinin və birgə təşəbbüslərin hər iki ölkənin hüquq sahəsi üçün faydalı olacağını diqqətə çatdırıb.

Eyni zamanda, tərəflər arasında konstitusiya ədalət mühakiməsinin inkişafı, məhkəmə-hüquq sahəsində beynəlxalq əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Görüş qarşılıqlı hədiyyələrin təqdim olunması və xatirə fotosunun çəkdirilməsi ilə başa çatıb.