"Güclü Ermənistan" ittifaqı seçki prosesinin "görünməmiş təzyiqlər və təqiblər altında" keçdiyini, bu səbəbdən Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı rəqəmlərin "real mənzərəni əks etdirmədiyini" bəyan edib.
İttifaqın sözçüsü Marianna Qahramanyan bildirib ki, seçkiönü dövr müxalifətə qarşı məqsədli şəkildə idarə olunub:
"Seçkiönü dövr liderimizə, namizədlərimizə, tərəfdarlarımıza və komanda yoldaşlarımıza qarşı hədəfli addımlar, kütləvi qanunsuz həbslər və siyasi rəqabəti məhdudlaşdırmağa, eləcə də seçicilərin azad iradəsinə təsir göstərməyə yönəlmiş cinayət təqibləri ilə müşayiət olundu".
İttifaq həmçinin seçki günü inzibati resurslardan geniş istifadə olunduğunu iddia edir. Partiya sözçüsünün bəyanatına görə, proses zamanı görünməmiş bir hadisə yaşanıb:
"MSK hələ bütün seçki məntəqələrinin nəticələrini emal etməmiş Nikol Paşinyan 'qələbə və təkbaşına hakimiyyətin qurulmasını' elan etdi. Bu, Mərkəzi Seçki Komissiyasına verilmiş birbaşa təlimat və siqnal idi".
Hazırda "Güclü Ermənistan" ittifaqının mərkəzi qərargahının vəziyyəti analiz etməklə məşğul olduğu bildirilir.
Hakim partiya isə keçirdiyi mətbuat konfransında ittihamları rədd edib. Hakimiyyət rəsmiləri ölkədə heç bir siyasi təqibdən söhbət gedə bilməyəcəyini, həbs olunan şəxslərin yalnız konkret qanunsuz əməllərə görə saxlanıldığını iddia ediblər.
Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin rəqəmlərə əsasən, səslərin paylanması aşağıdakı kimidir:
"Vətəndaş Müqaviləsi" (Nikol Paşinyan) – 727 827 səs (49,825%)
"Güclü Ermənistan" – 340 088 səs (23,281%)
"Ermənistan" bloku – 145 113 səs (9,934%)
"Çiçəklənən Ermənistan" Partiyası – 58 378 səs (3,996%)
Bu nəticələrə görə, "Çiçəklənən Ermənistan" Partiyasının parlamentə daxil olmaq üçün tələb olunan 4%-lik baryeri keçməsinə cəmi 0,004% səs çatmayıb.
“AzPolitika.info”

Şərhlər