Ukraynanın Rusiya tərəfindən ilhaq edilmiş Krım yarımadasında misli görünməmiş yanacaq növbələri yaranıb. 

“AzPolitika” xəbər verir ki, bu barədə sosial mediada çoxsaylı məlumatlar və videolar yayımlanmaqdadır.

Kurort zonası olan yarımada turizm mövsümünün qızışdığı dövrdə yanacaq böhranı ilə üz-üzədir. YDM məntəqələrində əsl kollaps müşahidə olunur. Səbəb Ukraynanın Krıma gedən əsas təchizat marşrutlarına sistematik PUA hücumlarıdır.

Son olaraq, Rusiya mediasının məlumatına görə, ötən gecə Ukrayna PUA-ları Moskva-Simferopol qatarına da hücum edib və nəticədə yarımadaya dəmir yolu əlaqəsi kəsilib.

Krımda yanacağın nağd satışları 4 iyundan etibarən tamamilə dayandırılıb. Yarımada sakinlərinə yalnız talon və QR kod vasitəsilə hər nəqliyyat vasitəsi üçün 20 litr yanacaq almaq hüququ verilir, o da tapılsa. QR kodu isə həftədə yalnız bir dəfə və yalnız MAX messencer botu vasitəsilə əldə etmək olar. Yəni, insanlar həftədə 1 dəfə 20 litr benzin ala bilər. Bunun üçünsə saatlarla da deyil, günlərlə növbədə durmaq lazım olur. Belə növbələr əsəb pozğunluqlarına və ürək tutmalarına səbəb olur.

Krım sakinləri kütləvi şəkildə yanacaq almaq üçün Rusiyaya üz tutur və bu da qonşu Krasnodar diyarında yanacaq qıtlığına səbəb olur.

Bütün bunlar Krımdakı turizm mövsümünə də ciddi ziyan vurur, üstəlik mağazalarda qıtlıq və bahalıq yaradır. Son bir həftə ərzində Krımda istirahət yerləri üçün yeni sifarişlərin sayı 35% azalıb və sifarişlərin ləğv edilməsi sayı durmadan artır. Bir sözlə, rusiyalılar Ukraynaya qarşı ədalətsiz işğalçılıq müharibəsinin fəsadlarını öz üzərlərində daha ağır şəkildə hiss etməyə başlayırlar.

C.Məmmədli

“AzPolitika.info”