Kreml Rusiya Prezidenti Vladimir Putinin Ermənistan Baş naziri Nikol Paşinyanı seçkilərdəki qələbəsi münasibətilə təbrik edib-etməyəcəyi barədə suala cavab olaraq, rəsmi yekun nəticələrin elan olunmasını gözləyəcəklərini bəyan edib.
"AzPolitika" xəbər verir ki, Peskov jurnalistlərin "Putin Paşinyanı təbrik edəcəkmi?" sualına cavab verərkən bildirib: "Burada hansısa rəsmi yekun nəticələri gözləmək vacibdir. Bilirsiniz ki, orada bir çox qaranlıq məqamlar var idi. Baş vermiş qayda pozuntuları ilə bağlı çoxlu məlumatlar gördük. Ona görə də biz hər halda hansısa rəsmi rəyləri gözləməyə üstünlük veririk".
Ermənistan MSK-nin bazar ertəsi yaydığı məlumata görə, iyunun 7-də keçirilən parlament seçkilərində Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası 49,825%, "Taşir" Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyanın "Güclü Ermənistan" partiyası 23,281%, eks-prezident Robert Koçaryanın "Ermənistan" bloku isə 9,934% səs toplayıb.

Şərhlər