Yekaterinburq Hərbi Məhkəməsi Ukrayna müharibəsinin veteranı Artyom Buçini keçmiş həyat yoldaşını və onun yeddi yaşlı qızını qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum edib.
“AzPolitika” xəbər verir ki, bu barədə “Kommersant” nəşri məhkəmə qərarına istinadla məlumat yayıb.
Cinayət avqust ayında Perm vilayətinin Çusovoy şəhərində baş verib. Məlumatda deyilir ki, Buçin və keçmiş həyat yoldaşı spirtli içki içərkən mübahisə ediblər. Keçmiş əsgər sonda qadını boğaraq öldürüb, sonra onun səs-küyə qaçan və qadının ilk evliliyindən olan qızını qətlə yetirib. Dəhşətli cinayətdən sonra “SVO qəhrəmanı” yerli əyləncə kompleksindəki saunada dincəlməyə gedib.

Buçin istintaqda günahını etiraf edib və peşman olduğunu bildirib. Onun qətlə yetirilən qadından dörd yaşlı oğlu və müxtəlif qadınlardan olan daha iki uşağı qalıb. Buçinin əvvəllər bir neçə dəfə məhkumluğu olub. 2022-ci ilin may ayında həbsdən azad edilən Buçin avqust ayında tanımadığı 23 yaşlı tibb bacısı Tatyana Rekutinaya təcavüz edərək öldürüb. Buna görə Çusovoy Şəhər Məhkəməsi onu 2023-cü ilin fevral ayında 20 il müddətinə azadlıqdan məhrum edib. Lakin Buçin Ukraynadakı müharibəyə cəlb edilərək tezliklə azadlığa buraxılıb.
Döyüşlərdə iştirak etdiyinə görə Vladimir Putin bu qatili əfv edib. Geri döndükdən sonra isə o, sözügedən ağır cinayəti törədib.
Müharibə başlayandan bəri “SVO qəhrəmanları”nın evə döndükdən sonra 800-ə yaxın qətl hadisəsi törətdiyi məlumdur. Qətldən əlavə, müharibədən qayıdanların hesabında çoxsaylı cinsi təcavüz, oğurluq, quldurluq kimi ağır cinayətlər var.
“AzPolitika.info”

Şərhlər