Menu

RUSİYANIN İKİ ŞƏHƏRİ VURULDU - Hərbi zavod və neft zavodu yanır + VİDEO

10.06.2026, 09:49
RUSİYANIN İKİ ŞƏHƏRİ VURULDU - Hərbi zavod və neft zavodu yanır + VİDEO

Ukrayna ötən gecə Rusiyanın iki şəhərinə raket zərbəsi endirib. 

“AzPolitika” xəbər verir ki, sosial mediada Ukraynanın “Flamingo” raketlərilə Samara və Çeboksarıdakı obyektlərə zərbələr endirdiyi barədə məlumatlar, həmçinin videogörüntülər yayımlanıb.  

Çeboksarıya atılan raket, naviqasiya avadanlığı və “Şahed” dronlarında, eləcə də “İskander-M” və “Kalibr” raketlərində istifadə olunan “Kometa” antenaları istehsal edən “VNIIR-Progress” zavodunu hədəf alıb.

"İtkilərin və zədələnmiş infrastruktur obyektlərinin sayı hazırda müəyyən edilir", - Çuvaşiyanın rəhbəri Oleq Nikolaev bildirib. “VNIIR-Progress” Ukrayna sərhədindən təxminən 1000 kilometr məsafədə yerləşir. 

Samara vilayətində isə Kuybışev Neft Emalı Zavodu zərbəyə məruz qalıb. Bu, regionun ən böyük neft emalı zavodlarından biridir və “Rosneft”-ə məxsusdur. Vilayət hakimiyyəti raket həyəcanı elan edib. Qubernator Vyaçeslav Fedorişev sakinləri çölə çıxmamağa və pəncərələrdən uzaq durmağa çağırıb.

Həmçinin, Kurqan, Çelyabinsk, Sverdlovsk və Penza vilayətlərində, eləcə də Yamalda raket xəbərdarlığı edilib. Bundan əlavə, dünən gecə Vladimir bölgəsinə dronlar hücum edib. Qubernator Aleksandr Avdeyev bildirib ki, "iki infrastruktur obyektində" yanğınlar baş verib. 

Moskva meri Sergey Sobyanin isə bildirib ki, paytaxta yaxınlaşan 12 dron vurulub.

Rusiya Müdafiə Nazirliyi gecə ərzində Rusiyanın 20-dən çox bölgəsində 326 Ukrayna dronunun məhv edildiyini bəyan edib. Lakin nazirlik Ukrayna raketləri barədə heç bir məlumat verməyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol