Sərt nəzarətçi modeli artıq öz aktuallığını itirir və tənzimləyici qurumlar daha çevik yanaşmalara keçməlidir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Monitorinqi Siyasəti və Tənzimləmə Departamentinin direktoru Zaur Hacılı "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə deyib.

Onun sözlərinə görə, nəzarət və tənzimləyici orqanların ənənəvi sərt nəzarətçi modeli artıq keçmişdə qalır və əvvəlki yanaşma ilə fəaliyyət göstərmək mümkün deyil: "Xüsusilə sürətlə inkişaf edən fintex texnologiyaları, virtual aktivlər və süni intellekt bu sahədə yeni yanaşmaların tətbiqini zəruri edir".

Z.Hacılı bildirib ki, makroregional nəzarət prizmasından baxdıqda, xüsusən Mərkəzi Asiya ölkələri və Xəzər hövzəsi dövlətlərində komplayns yanaşmaları arasında müəyyən fərqlər mövcuddur. Onun sözlərinə görə, həm normativ bazada, həm də bu qaydaların tətbiqi praktikasında müşahidə olunan uyğunsuzluqlar tənzimləyici arbitrajın və ya "boz zona"ların yaranmasına səbəb olur.

Departament direktoru qeyd edib ki, belə fərqlər iri investorlar, beynəlxalq təşkilatlar və birinci dərəcəli müxbir banklar üçün ölkə riskini artıran əsas amillərdən biri hesab olunur.