Ermənistanda parlament seçkisi başa çatsa da, onun ətrafında manipulyasiyalar davam etməkdədir.

“AzPolitika” xəbər verir ki, ötən gün müxalif "Hraparak" qəzeti yeni iddia ilə çıxış edib.

Qəzetin öz mənbələrinə istinadla verdiyi məlumata görə, Nikol Paşinyan hökuməti Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" Partiyasına seçkilərdən sonra parlamentdə yer qazanmaq üçün sövdələşmə təklif edib.

Qəzetin iddiasına görə, Tsarukyanın partiyasına təklif olunub ki, onun nümayəndələrinin parlamentə salınması müqabilində “Çiçəklənən Ermənistan” hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlamentdəki gələcək təşəbbüslərini dəstəkləsin. Xüsuilə də bu, səslərin beşdə üçünün tələb olunduğu səsvermələrdə vacibdir. Lakin iddiaya görə, Qaqik Tsarukyan təklifi rədd edib, məhz bundan sonra da Mərkəzi Seçki Komissiyası onun partiyasının parlamentə düşmək üçün minimum həddi - 4 faizi keçə bilmədiyini, 3.996 faiz səs topladığını açıqlayıb.

Daha sonra "Çiçəklənən Ermənistan" seçki nəticələrinin yenidən sayılmasını tələb edib. Partiyanın nümayəndəsi Elinar Vardanyan isə bildirib ki, partiyanın parlamentə düşmək üçün cəmi 60 səsi çatmayıb.

“Vətəndaş Müqaviləsi” Partiyasından olan parlament üzvü Alxas Qazaryan mediaya açıqlamasında bu iddiaları təkzib edib və heç bir sövdələşmə təklifinin olmadığını deyib.

Xatırladaq ki, Ermənistanda 7 iyunda keçirilən parlament seçkilərinin ilkin rəsmi nəticələrinə görə, Nikol Paşinyanın hakim “Mülki Müqavilə” partiyası səslərin 49,825%-ni toplayıb. Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,281%, Robert Koçaryanın “Ermənistan” bloku 9,934%, Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası isə səslərin 3,996%-ni toplayıb. Hazırda səslərin yenidən sayılmasına dair müraciətlərə baxıldığı bildirilir.

“AzPolitika.info”