Tanınmış reytinq şirkətlərindən "Round University Ranking" (RUR) 2026-cı il üzrə dünya universitetlərinin reytinqini açıqlayıb.

Bu il reytinqə dünyanın 99 ölkəsindən 1313 ali təhsil müəssisəsi daxil edilib. RUR universitetləri tədris keyfiyyəti, elmi-tədqiqat fəaliyyəti, beynəlxalq əməkdaşlıq və maliyyə dayanıqlılığı kimi 20 göstərici əsasında qiymətləndirir. Hesabat göstərir ki, son illərdə Asiya, Yaxın Şərq və Mərkəzi Asiya universitetləri qlobal ali təhsil məkanında mövqelərini əhəmiyyətli dərəcədə gücləndiriblər.

Qlobal reytinq cədvəlinin ilk beşliyində ABŞ universitetləri üstünlük təşkil edib. Siyahının lideri Harvard Universiteti olub. Sonrakı yerlərdə Kaliforniya Texnologiya İnstitutu (Caltech), Stanford Universiteti, Cons Hopkins Universiteti və Pensilvaniya Universiteti qərarlaşıb.

Bu ilki reytinqə Azərbaycandan 17 ali təhsil müəssisəsi daxil olub. Azərbaycan universitetləri arasında ən yüksək nəticəni Bakı Dövlət Universiteti göstərib.

Azərbaycan universitetlərinin sıralaması belə olub:

1. Bakı Dövlət Universiteti (BDU) – 636-cı yer

2. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) – 795-ci yer

3. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) – 898-ci yer

4. Azərbaycan Universiteti – 944-cü yer

5. Azərbaycan Dillər Universiteti (ADU) – 964-cü yer

6. Qərbi Kaspi Universiteti – 968-ci yer

7. Bakı Ali Neft Məktəbi (BANM) – 1049-cu yer

8. Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) – 1095-ci yer

9. Naxçıvan Dövlət Universiteti – 1135-ci yer

10. Azərbaycan Texniki Universiteti (AzTU) – 1183-cü yer

11. Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) – 1189-cu yer

12. Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) – 1202-ci yer

13. Bakı Mühəndislik Universiteti (BMU) – 1221-ci yer

14. Gəncə Dövlət Universiteti (GDU) – 1249-cu yer

15. Sumqayıt Dövlət Universiteti (SDU) – 1252-ci yer

16. Azərbaycan Texnologiya Universiteti (ATU) – 1257-ci yer

17. Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) – 1295-ci yer

Türkiyə universitetləri də reytinqdə diqqətçəkən nəticələr əldə ediblər. Ege Universiteti 577-ci yerdə qərarlaşaraq ötən illə müqayisədə 183 pillə irəliləyib. Türkiyənin aparıcı ali məktəbləri sırasında həmçinin Orta Doğu Texniki Universiteti (ODTÜ), İstanbul Texniki Universiteti, Hacettepe Universiteti, Boğaziçi Universiteti və Koç Universiteti yer alır. Bu ali təhsil müəssisələri beynəlxalq elmi-tədqiqat fəaliyyəti və akademik nüfuz göstəricilərinə görə ölkənin ən güclü universitetləri hesab olunur.

Rusiya universitetləri arasında isə Lomonosov adına Moskva Dövlət Universiteti ən nüfuzlu ali təhsil müəssisəsi kimi ön sıradadır. Ölkənin aparıcı universitetləri sırasına həmçinin Sankt-Peterburq Dövlət Universiteti, Moskva Fizika və Texnologiya İnstitutu (MIPT), Ali İqtisadiyyat Məktəbi (HSE), Novosibirsk Dövlət Universiteti və Kazan Federal Universiteti daxildir. 

"AzPolitika.info"