Avropa İttifaqı ABŞ tərəfindən səsləndirilən ictimai bəyanatlara daha az emosional reaksiya verməyi və Vaşinqtonla münasibətlərdə “darıxdırıcı tərəf” olmağı öyrənib.
Bu fikri Avropa Parlamentinin sədri Roberta Metsola səsləndirib.
“Biz hər bir ictimai bəyanata emosional reaksiya verməməyi öyrəndik və indi hesab edirik ki, darıxdırıcı olmaq yaxşıdır. Münasibətlərdə darıxdırıcı tərəf biz ola bilərik”, – deyə o, "The Wall Street Journal" qəzetinə müsahibəsində bildirib.
Metsolanın sözlərinə görə, ABŞ Prezidenti Donald Trump administrasiyası ilə qarşılıqlı fəaliyyət sayəsində avropalılar daha özünəinamlı olub və Aİ-ni daha yaxşı təmsil etməyi öyrəniblər.
O əlavə edib ki, Vaşinqtonun tətbiq etdiyi yeni gömrük rüsumları ilə bağlı fikir ayrılıqları ABŞ-Aİ münasibətlərinə kölgə salır. Bununla yanaşı, o, hər iki tərəf üçün böyük əhəmiyyət daşıyan ticarət əlaqələrində sabitliyin vacibliyini vurğulayıb.
Bundan əvvəl Avropa Parlamentinin komitəsi üçüncü cəhddə Aİ ilə ABŞ arasında bağlanan sazişi təsdiqləyib. Saziş Avropa tərəfindən Amerika məhsullarına tətbiq olunan gömrük rüsumlarının ləğvini və Vaşinqtonun Aİ-dən idxal olunan mallara 15 faiz həcmində ticarət tarifləri tətbiq etmək hüququnu nəzərdə tutur.
Vaşinqton Brüsseldən sazişin ən gec iyulun 4-dək qüvvəyə minməsini tələb edir.
Avropa Parlamentinin sədri Roberta Metsolanın “ABŞ üçün darıxdırıcı tərəf olmağı öyrəndik” ifadəsi əslində Brüsselin Vaşinqtona münasibətdə dəyişən siyasi taktikasının etirafıdır. Son illərdə, xüsusilə Donald Tramp administrasiyası dövründə yaranan gərginliklər Avropa liderlərinə göstərdi ki, hər sərt bəyanata eyni tərzdə cavab vermək münasibətləri daha da mürəkkəbləşdirir. Buna görə də Aİ emosional reaksiyalar əvəzinə sabitlik, praqmatizm və strateji səbir xəttini seçdiyini nümayiş etdirir. Metsolanın sözləri həm də Avropanın özünü daha müstəqil və özünəinamlı geosiyasi oyunçu kimi təqdim etmək cəhdinin göstəricisi kimi qiymətləndirilə bilər.
"AzPolitika.info"

Şərhlər