Ermənistanda keçirilən parlament seçkilərindən sonra səsvermənin nəticələri ətrafında qalmaqal böyüyür. Müxalifət partiyalarının kütləvi etirazlarından sonra paytaxt İrəvan da daxil olmaqla, ölkə miqyasında bir çox məntəqə üzrə bülletenlərin yenidən sayılmasına başlanılıb.
"AzPolitika" xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vahagn Hovakimyan bu gün jurnalistlərə açıqlamasında çoxsaylı seçki məntəqələrində səslərin yenidən sayılması prosesinin davam etdiyini təsdiqləyib.
MSK sədri bildirib ki, rəsmi olaraq 3 siyasi qüvvədən nəticələrin yenidən araşdırılması tələbi daxil olub: "Çiçəklənən Ermənistan" Partiyası, "Güclü Ermənistan" Partiyalar İttifaqı və "Birlik Qanadları" Partiyası.
V. Hovakimyanın sözlərinə görə, paytaxtdakı vəziyyət daha ciddidir və burada nəticələrin tamamilə dəyişməsi istisna olunmur: "İrəvandakı demək olar ki, bütün seçki dairələrində bülletenlər yenidən sayılacaq. Çünki "Birlik Qanadları" Partiyasının deputatlığa namizədi rəsmən bu tələblə çıxış edib".
Mətbuat konfransında MSK sədrinin səsləndirdiyi bir etiraf isə seçkilərin şəffaflığını ciddi sual altında qoyub. Hovakimyan qeyd edib ki, ölkə üzrə fəaliyyət göstərən 2005 seçki məntəqəsindən yalnız 5-nə aid qeydlər və protokollar tam doğru olub, digərlərində isə məlumatların sistemə daxil edilməsi zamanı ciddi xətalar qeydə alınıb.
Bununla belə, komissiya rəhbəri total qanunsuzluq ittihamlarından yayınmağa çalışıb: "Sıralama pozulub, bu, sadəcə texniki məsələdir və insan faktoru ilə bağlıdır".
Ekspertlər isə hesab edirlər ki, 2005 məntəqədən cəmi 5-nin sənədləşməsinin doğru olması Ermənistan seçki sistemindəki xaosun və hakimiyyətin nəticələri manipulyasiya etmək cəhdlərinin bariz göstəricisidir.
Rasim
"AzPolitika.info"

Şərhlər