Rusiya Prezidenti Vladimir Putin Aİ-nin uşaq mərkəzlərinə qarşı tətbiq etdiyi sanksiyaları cəfəngiyat və onların müəllifləri üçün biabırçılıq adlandırıb.
"AzPolitika" TASS-a istinadən xəbər verir ki, onun sözlərinə görə Ukraynanın sponsorları olan Avropanın hakim elitaları əvvəllər heç kimin ağlına gəlməyən addımlar atırlar: "Uşaqlarımızın yay tətilini keçirdiyi, güc topladığı təşkilatlara qarşı sanksiyalar tətbiq edirlər. Bu, cəfəngiyatdır, tam bir absurdur. Amma buna baxmayaraq, bunu edirlər. Onların hansı nəticəni gözlədiyini yalnız təxmin etmək olar”.
Rusiya lideri qeyd edib ki, ölkənin uşaq mərkəzlərinə federasiyanın bütün subyektlərindən və xarici ölkələrdən uşaqlar böyük məmnuniyyətlə gəlirlər.
“Uşaq mərkəzlərimizə həm Rusiyanın müxtəlif bölgələrindən, həm də xarici ölkələrdən uşaqlar gəlir. Onlar burada vaxtlarını maraqlı və yaddaqalan keçirir, inkişafları üçün faydalı imkanlar əldə edirlər. Əgər Avropalı siyasətçilər gender məsələləri və müxtəlif seksual azlıqların müdafiəsi ilə məşğuldurlarsa, əgər onları xoşbəxt, öz işi ilə maraqlanan, Rusiyanı sevən uşaqların görüntüsü narahat edirsə, deməli, biz hər şeyi düzgün edirik və doğru dəyərləri təbliğ edirik”, – deyə Putin vurğulayıb.
O əlavə edib ki, Rusiya hakimiyyəti bundan sonra da eyni xətt üzrə fəaliyyətini davam etdirəcək.
"AzPolitika.info"

Şərhlər