Türkiyənin Nevşehir vilayətinin Avanos rayonunda yerləşən və dünya şöhrətli Güray Muzeyi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci ildönümü və 15 İyun – Azərbaycanın Milli Qurtuluş Günü münasibətilə təşkil olunan önəmli fotosərgiyə ev sahibliyi edib.

Azərbaycan Respublikasının Ankaradakı Səfirliyi, EkoAvrasiya Vəqfi, Türk Dünyası Vətəndaş Cəmiyyəti Əməkdaşlığı Dərnəyi (TÜRKSİT) və Azərbaycan Respublikasının Ankaradakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən sərgi bölgə rəsmilərinin və sənətsevərlərin böyük marağı ilə açılıb.

Açılış mərasimində Avanos rayonunun kaymakamı Osman Bilici, Azərbaycanın Ankaradakı Səfirliyinin müşaviri Füzuli Məcidli, EkoAvrasiya Vəqfinin Himayəçilər Şurasının sədri Hikmət Eren, TÜRKSİT İdarə Heyətinin sədri Kemal Kurnaz və çoxsaylı qonaqlar iştirak ediblər.

“Türkiyə-Azərbaycan qardaşlığı sarsılmaz təmələ malikdir”

Açılış mərasimində Azərbaycanın Ankaradakı Səfirliyinin müşaviri Füzuli Məcidli Türkiyə və Azərbaycan arasındakı möhkəm qardaşlıq bağlarına diqqət çəkərək bildirib ki, biz “Bir millət, iki dövlət” ideyasını yalnız sözlə deyil, tarix boyu əməli şəkildə yaşayan iki qardaş ölkəyik. Bu gün Kapadokiyanın bənzərsiz atmosferində nümayiş etdirdiyimiz fotoşəkillər də iki ölkənin ortaq taleyinin, sevincdə və kədərdə birlikdə olmasının rəmzidir. Bu güclü qardaşlığın kök salmasında, strateji tərəfdaşlığa çevrilməsində və bu günə qədər sarsılmaz inamla davam etməsində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən addımlarının və yorulmaz fəaliyyətinin mühüm rolu olub. Onun irsi bu gün də yolumuzu işıqlandırmağa davam edir.

Qafqazın strateji gücü və enerji potensialı

EkoAvrasiya Vəqfinin Himayəçilər Şurasının üzvü Ömər Önal çıxışında Azərbaycanın regional və qlobal əhəmiyyətinə diqqət çəkib. Onun sözlərinə görə,

Qafqazın mərkəzində yerləşən Azərbaycan yalnız regional sabitliyin təminatçısı deyil, həm də qlobal tarazlığın mühüm iştirakçılarından biridir. Böyük enerji potensialı, beynəlxalq enerji və nəqliyyat layihələri sayəsində Azərbaycan dünya siyasəti və iqtisadiyyatında istiqamətverici mövqeyə yüksəlib. Güclü Azərbaycan, güclü Türk Dünyası deməkdir. EkoAvrasiya Vəqfi olaraq bu potensialın inkişafına və iki ölkə arasındakı iqtisadi-mədəni əməkdaşlığın daha da güclənməsinə töhfə verməkdən qürur duyuruq.

Şərqin ilk demokratik respublikası və demokratiya irsi

TÜRKSİT İdarə Heyətinin sədri Kemal Kurnaz isə Azərbaycanın tarixi missiyasından və dövlətçilik ənənələrindən bəhs edərək qeyd edib:

“Azərbaycanın müstəqillik uğrunda mübarizəsi bütün Türk Dünyası üçün qürur mənbəyidir. Düz 108 il əvvəl Şərqdə qurulan ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yalnız öz regionu üçün deyil, dünya demokratiyası üçün də müasir və qabaqcıl nümunə olub. Qadınlara seçmək və seçilmək hüququnun verilməsindən tutmuş müasir dövlət institutlarının yaradılmasına qədər atılan addımlar Azərbaycan xalqının azadlıq və demokratiyaya olan sarsılmaz inamını nümayiş etdirir. TÜRKSİT olaraq bu şanlı tarixin və vətəndaş cəmiyyətləri arasında əməkdaşlığın gələcək nəsillərə ötürülməsi üçün məsuliyyət daşımaqdan qürur duyuruq.”

Qeyd edək ki, Azərbaycanın tarixi və mədəni inkişafını, müstəqillik mübarizəsini və Ümummilli Lider Heydər Əliyevin həyatından unudulmaz anları əks etdirən fotoşəkillərdən ibarət sərgi qonaqlar və sənətsevərlər tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.