Cümə axşamı günü müxtəlif etirazçı qruplar açılış mərasimindən sonra Meksika və CAR yığmaları arasında FİFA Dünya Çempionatının ilk oyununun start götürəcəyi stadionun yaxınlığında nümayişlər keçirməyi planlaşdırır.

"Mexico News"un verdiyi məlumata görə, CNTE müəllimlər həmkarlar ittifaqının nümayəndələri, itkin düşmüş şəxslərin anaları, dövlət şirkətləri olan "Pemex" və Federal Elektrik Enerjisi Komissiyasının (CFE) keçmiş əməkdaşları, nəqliyyat işçiləri, fermerlər, tibb işçiləri və centrifikasiyaya (müasirləşdirmə adı altında yerli əhalinin sıxışdırılması) qarşı çıxan fəallar Mexikonun cənub hissəsinin müxtəlif rayonlarından stadiona doğru yürüş edəcəklər.

Daha əvvəl etirazçılar "Müstəqillik Mələyi" monumentindən baner asaraq, hakimiyyəti rəsmi olaraq itkin düşmüş sayılan 130 mindən çox insanla bağlı fəaliyyətsizlikdə ittiham ediblər.


Aksiya iştirakçıları maaşların artırılmasını, pensiya sisteminin islahatını, itkin düşmüş insanların tapılması üçün tədbirlərin gücləndirilməsini, habelə cinayətkarlıq və hədə-qorxu ilə tələb etmə hallarına qarşı daha qətiyyətli mübarizə aparılmasını tələb edirlər. Paytaxt sakinlərinin bir hissəsi həmçinin Mexikonun müxtəlif rayonlarında mənzil, su təchizatı problemlərinə və qiymət artımına diqqət çəkmək niyyətindədir.

Nəqliyyatda yarana biləcək çətinliklər

Media orqanlarının məlumatına görə, etirazçılar şəhərin yeddi müxtəlif nöqtəsindən stadiona doğru hərəkət edəcəklər. Mexikonun tarixi mərkəzindən təxminən 17 kilometr aralıda, Koyoakan rayonunda yerləşən arena turnir müddətində "Stadium Banorte" adını alıb.

Nümayişçilərin matçın başlanmasına qədər stadiona çatacağı gözlənilir ki, bu da azarkeşlər üçün ciddi çətinliklərə və nəqliyyatın ləngiməsinə səbəb ola bilər.

Meksika Prezidenti Klaudiya Şeynbaum bəyan edib ki, hakimiyyət aksiya iştirakçılarına qarşı güc tətbiq etməyəcək. Onun sözlərinə görə, hökumət dünya çempionatının açılışının "sülh və əmin-amanlıq şəraitində" keçməsini təmin etmək niyyətindədir.

"AzPolitika.info"